Tramp Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutarlı plan yoxdur
14.01.2025

“Avropada Donald Trampın Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyini düşünürlər”.

APA-nın xəbərinə bu barədə yazı “Bloomberg“də dərc edilib.

Bildirilir ki, belə bir qənaət D. Trampın komandasının üzvləri ilə müzakirələrdən sonra formalaşıb.

Məqalədə ABŞ-nin yeni Administrasiyasının müharibədən ciddi ziyan çəkən Ukraynanın həm döyüş, həm də siyasi meydandakı mövqeyini gücləndirməyə kömək edəcəyi ehtimal olunur.

Ona da diqqət çəkilir ki, vəzifəsinin icrasına başlamağa bir həftə qalmış D. Trampın Rusiya ilə müharibə taktikası hələ də geniş ictimaiyyətə məlum deyil:

“Çünki Tramp Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutarlı plan yoxdur. Həmin məsələ yalnız D. Trampın andiçmə mərasimindən sonra aydınlaşacaq. Əgər o seçkiöncəsi vədini yerinə yetirib müharibəni tez bir vaxtda bitirməyə nail olsa, bu heç şübhəsiz ki, Kiyevin mövqeyini arxa plana keçirərək, Rusiya prezidenti Vladimir Putinə dəstəyi özündə ehtiva edəcək. İtaliyanın Baş naziri Ciorcia Meloni isə hesab edir ki, D. Trampın əlində Rusiyaya qarşı həm siyasi, həm də hərbi ram etmə üsulundan istifadə üçün unikal imkan mövcuddur”.

Bir qədər əvvəl Trampın Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib ki, Ukrayna münaqişəsi Trampın hakimiyyətinin ilk 100 günü boyunca həll edilməlidir.

Visiontv.az