Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac cənub bölgəsindədir.
Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidin Tağıyev danışıb.
O vurğulayıb ki, buna səbəb cənub bölgəsində torpaq sahələrinin daha çox parçalanması və kiçik ölçülü torpaq sahələrinin üstünlük təşkil etməsidir.
"Normalda torpaqların konsolidasiyası torpaq islahatı prosesindən sonra mütləq şəkildə tətbiq edilməli bir prosedurdur. Nəzərə alsaq ki, 30 il öncə ölkəmizdə torpaq islahatı başlayıb, hazırda torpaqların konsolidasiyasının tətbiq edilməsi vacib vəziyyətdədir", - deyə şöbə müdiri qeyd edib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaqların konsolidasiyası üzrə iki pilot layihənin Qəbələ və Salyan rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Konsolidasiya həyata keçirilən kəndlərdə fermerlərin parçalanmış torpaqları birləşdiriləcək, yol infrastrukturu yaradılacaq, zəruri yerlərdə drenaj sistemləri qurulacaq. Bu isə fermerlərin istehsal xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq. Həmçinin Subsidiya Şurası tərəfindən konsolidasiya tətbiq edilən ərazilər üçün xüsusi subsidiyalaşdırma mexanizmlərinin təşviqi də nəzərdən keçirilir ki, burada məqsəd fermerlərin bu prosesə daha könüllü və rahat şəkildə qoşulmasını təmin etməkdir.
visiontv.az