“The Guardian”: Tehran Avropaya yaxınlaşaraq ABŞ üzərində təzyiqi artırmağa çalışır
16.04.2026

“The Guardian” qəzeti yazır ki, iran adlanan ölkə Avropa ilə diplomatik kanalları aktivləşdirərək ABŞ və onun müttəfiqləri arasında artan fikir ayrılıqlarından istifadə etməyə və Vaşinqtona daha çox təzyiq göstərməyə çalışır. Məqsəd ABŞ-ın mövcud münaqişədə mövqeyini yumşaltmaq və geri addım atmasına nail olmaqdır.

Məlumata görə, iran adlanan ölkənin xarici işlər naziri Abbas Araqçi Avropa paytaxtlarını İslamabadda keçirilən danışıqlarda irəli sürülən təkliflərin detalları barədə məlumatlandırıb. Bu təkliflər xüsusilə uran ehtiyatları və Hörmüz boğazının gələcək idarə olunması kimi həssas mövzuları əhatə edir.

Eyni zamanda Avropa ölkələri də Hörmüz boğazı ilə bağlı diplomatik koordinasiyanı gücləndirir. Fransa prezidentinin ofisi bildirib ki, Emmanuel Macron və Böyük Britaniya cümə günü bu mövzuda videoformatda keçiriləcək beynəlxalq görüşə birgə rəhbərlik edəcəklər. Görüşdən əvvəl isə çərşənbə günü yüksək səviyyəli diplomatlar arasında ayrıca video-məsləhətləşmələrin aparılması planlaşdırılır.

“Reuters” də diplomatik mənbələrə istinadən xəbər verir ki, bu danışıqlarda tərəflər mövqelərini yaxınlaşdırmağa və regionda gərginliyin daha da artmasının qarşısını almağa çalışacaqlar. Hörmüz boğazı isə həm enerji təhlükəsizliyi, həm də qlobal ticarət baxımından strateji əhəmiyyətini qorumaqda davam edir.

Sadiq İsabəyli

visiontv.az