SEPAH: “Liman təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün deyil”
15.04.2026

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfiqari bildirib ki, Fars körfəzi və Oman dənizindəki limanların təhlükəsizliyi “ya hamı üçün təmin olunmalıdır, ya da heç kim üçün olmayacaq”.

İran Silahlı Qüvvələrinin yaydığı bəyanatda qeyd olunur ki, Tehran Hörmüz boğazını təhlükəsiz saxlamağa davam edəcək və “düşmənlə əlaqəli gəmilərin” boğazdan keçmək hüququnun “olmadığı və olmayacağı” vurğulanıb.

Bildirilib ki, digər gəmilərin isə İran Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara uyğun şəkildə boğazdan keçməsinə icazə veriləcək.

İran tərəfi habelə xəbərdarlıq edib ki, əgər İranın Fars körfəzi və Oman dənizi sularındakı limanlarının təhlükəsizliyi təhdid altına düşərsə, həmin regionda heç bir liman təhlükəsiz sayılmayacaq.

Açıqlamada ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə qoyduğu məhdudiyyətlər “qanunsuz addım və piratçılığın əlaməti” kimi dəyərləndirilib.

visiontv.az