Teoman Aktan: Zəngəzur dəhlizi kimi layihələr bütün bölgənin rifahına fayda gətirə bilər
01.10.2024

Politoloq və siyasi fəal Teoman Aktan Amerikanın Səsi ilə söhbətində İranda Zəngəzur dəhlizi ilə əlaqədar fərqli baxışları dəyərləndirib. Aktan bu kimi mövzularda İran Azərbaycanından olan siyasətçilər və ziyalıların baxışının mərkəz siyasətçilərindən xeyli fərqləndiyini ifadə edir.

“İranda Zəngəzur koridoruna verilən təpkilərdə, bir, türk bölgələrində, Azərbaycanda olan aydınların bu məsələyə verdiyi təpki var. İstər islahatçı qanatdan olsun, istər mühafizəkar qanatdan, yerli aydınlar bu layihənin gerçəkləşməsinin necə bölgənin rifahına fayda gətirməsi baxımından məsələni diqqətə alırlar. Amma, mərkəz aydınları məsələyə çox fərqli yöndən yanaşır. İnkar edilməz bir gerçəklik var ki, İranın Azərbaycan bölgəsində Quzey Azərbaycanla olan bir kültür və dil yaxınlığı var və bu yaxınlıq mərkəz aydınlarının gözündən bir təhdid kimi görünür,” Teoman Aktan söyləyir. 

Politoloqun sözlərinə görə, İran Azərbaycanında yerli aydınlar və siyasətçilər Azərbaycan Respublikası və Türkiyənin iqtisadi anlamda böyümələrini bölgə xalqının yararına olduğunu düşünürlər:

“Yerli aydınların gözündən mənim oxuduğum qədəri ilə bölgədəki ölkələrin rifah anlamında, iqtisadi anlamda böyüməsi bir təhdid kimi deyil, tam tərsi bölgənin tamamının rifahına yararlı ola biləcək bir durumdur. İstər Azərbaycan Cümhuriyyəti olsun, istər Türkiyə Cümhuriyyəti, bunların iqtisadi anlamda böyüməsi eyni zamanda qısamüddətdə İranın şimal bölgələrinin iqtisadiyyatı və və yaşam staandartlarının yüksəlməsində faydalı olacaq. Dolayısı ilə yerli aydınlar ilə mərkəz aydınları məsələyə çox fərqli yerdən baxırlar. Onun üçün Zəngəzur koridoru məsələsində də İranın içindən çox fərqli səslər eşidirik.”  Teoman Aktan əlavə edir ki, “Zəngəzur koridorunun regional barışa fayda verəcək şəkildə bir mexanizmə çevrilməsi lazimdir. Bu da siyasətçilərin iradəsindən, məsələyə sağlam düşüncə ilə yanaşmalarından, eləcə də, bölgədəki vətəndaş cəmiyyəti quruluşlarının, medianın, düşüncə insanlarının bu fürsəti doğru-düzgün dəyərləndirmələrindən asılıdır. Elə ki, ortaq bir gələcək [ümidi] nifrət və münaqişə üzərindən deyil, gərgilinlik üzərindən deyil, tam tərsinə bölgə insanlarının rifahı və güvənliyini diqqətə alaraq orata qoyulsun.”

visiontv.az