43 yaşlı Azərbaycan Türkü Yaşar Nurməhəmmədzadə 9 yanvar tarixində Tehranın Parand kəsişməsində keçirilən ictimai etirazlar zamanı rejim qüvvələri tərəfindən güllələnib.
Mənbələrin məlumatına görə, Yaşar Nurməhəmmədzadə iş yerinə gəlmədikdən sonra ailəsi məsələ ilə bağlı polislə əlaqə saxlayıb. Əvvəlcə hüquq-mühafizə orqanları onun şəxsiyyət vəsiqəsini yoxladıqdan sonra ailəni Parand 17 polis bölməsinə, daha sonra isə kəşfiyyat şöbəsinə göndəriblər. Ailə sonda etirazların qurbanlarının şəkillərinə baxaraq Yaşar Nurməhəmmədzadənin cəsədini müəyyən edə bilib.
Polis ailəyə bildirib ki, bu vətəndaşın cəsədi əvvəlcə "tanınmayan" kimi qeydiyyata alınıb və kilidli olan avtomobilində tapılıb. Lakin ailə bu məlumatı təkzib edib və Yaşar Nurməhəmmədzadənin etiraz zamanı və silahlı zabitlərin birbaşa atəşi nəticəsində öldüyünü deyib.
Yaşar Nurməhəmmədzadə sonda Təbriz şəhərində, anasının məzarının yanında dəfn edilib. O, Tehranda geyim fabrikində fəhlə işləyirdi, evli idi və iki uşaq atası idi. Məlumata görə, həyat yoldaşı da xərçənglə mübarizə aparır.
Bundan əvvəl Yaşarın əmisi oğlu Səhənd Nurməhəmmədzadə 2022-ci il etirazları zamanı edam cəzasına məhkum edilmiş, sonradan cəzası altı ilə endirilmiş və on il sürgünə göndərilmişdi.
visiontv.az