Tehran prokurorluğu 100-dən çox rejim əleyhdarının əmlakının müsadirəsinə göstəriş verib
07.04.2026

İranda məhkəmə sistemi rejim əleyhdarlarına qarşı yeni addım ataraq 100-dən çox tanınmış şəxsin əmlakının müsadirəsi və bank hesablarının bloklanması barədə göstəriş verib.

Gunaz TV-nin məlumatına görə, SEPAH-a yaxın “Fars” agentliyi bildirib ki, Tehran prokuroru “xaricdəki düşmənləri dəstəkləyən” şəxslərin müəyyən edilərək onların əmlaklarının müsadirə olunması və bank hesablarının bağlanması barədə göstəriş verib.

Məlumata əsasən, bu siyahıya aktyorlar, idmançılar, media rəhbərləri, jurnalistlər və ölkə xaricində fəaliyyət göstərən bəzi xəbər şəbəkələrinin idarəçiləri daxildir.

İran hakimiyyətinin uzun illərdir rejim əleyhdarlarına qarşı təzyiq və susdurma siyasəti həyata keçirdiyi məlumdur. Buna baxmayaraq, sosial şəbəkələrdə aparılan müşahidələr göstərir ki, son illərdə daha çox insan açıq şəkildə hakimiyyətə qarşı mövqe nümayiş etdirir.

visiontv.az