Kəlbəcər haqqında “Elegiya” və “Ballada”
07.04.2026

Kəlbəcəri düz 27 il görə bilmədik. Ümid bəslədiyimiz çox ünvanlar oldu. Amma bütün ünvanlar bizdə kədər qarışıq ümidsizlik hissləri yaratdı. Bu hisslər Elegiya janrında notlara düzüldü və qəmli düşüncələr ifadə etdi. Ümidlər emosional məzmun aldı. Hətta Kəlbəcər haqqında keçmiş zamanda danışmağa başladıq. Şairlər şerlərini, yazıçılar hekayələrini, musiqiçilər mahnısını keçmiş zamanda yazdı, ifa elədi. O vaxta qədər ki..,

Çox jurnalist Qarabağda əldə etdiyimiz Qələbədən adına film deyib çəkilişlər edir, ekranda nələrisə danışır, izah edir, göstərməyə çalışır. Əslində belə də olmalıdır. Hər peşə sahibi Qarabağda əldə etdiyimiz qələbəmizi, azad edilən ərazilərimizi, kəndlərimizi, rayonlarımızı bir cür vəsf etməyə çalışır. Bu nə qədər uğurlu olur bu ayrı bir mövzunun müzakirəsidir. Amma sənədli film adına ərsəyə gələnlərin əksəriyyəti görünütülərdən yığılmış kadr toplusudur desək yanılmarıq. Ssenarisiz filmlər bu gün “alqışlansa” da Böyük Qələbəni və Böyük Qayıdışı tam ifadə etmir. Tənqid etmək istəmirəm. Görünən və sübut olunan, yəni bilinən subyektiv ola bilməz. Buna görə gördüyümü və sübut olunanı yazıram ki, obyektiv dəyərləndirmə edə bilim. 
Real TV-nin əməkdaşı Lalə Nürəddinqızı Kəlbəcər haqqında “Elegiya” və “Ballada” yazıb. Özü də tək yazmayıb, həm də sənədlərlə səhnələşdirib, sonra ekranlaşdırıb və filmə çevirib. Filmdə işğalla bir yerdə Kəlbəcərdən qaçqın düşən adət-ənənəmiz, kültürümüz, ümidlərimiz, sevincimiz, kədərimiz təsvir olunur, hətta Lalə Nürəddinqızı ilə birgə yenidən yaşanır, emosional məzmun alır, hisslərimizi tarıma çəkir. Amma insaflı davranıb öldürmür. Kədərin kuliminasiyasına nöqtə qoymur, 3 nöqtə qoyaraq hisslərimizə ümid verir. “Elegiya”da Kəlbəcərin yad əllərə düşməsinin günahını sorğulayır, şikayətlənir, hətta əsəbləşir. Və bütün bunları höküm vermədən edir. Müəllifin höküm vermək səlahiyyəti olmadığını peşəkarcasına hiss etdirir. Amma şikayət etdiyini nəyinki deyir, hətta göstərir. Uşaqların, qocaların, beli şalllı nənələrin, şəhid olan döyüşçülərin adı ilə, dili ilə edir bunu. Çünki “Elegiya”nın bir adı da məhz şikayətdir. Və filmin birinci hissəsində adı ilə mətn dostcasına bir-birini tamamlayır. Və...
“Ballada” hissəsində intizarda qoyduğu ümidi bizə qaytarır. Etdiyi şikayətin ünvana çatdığını və nəticə əldə etdiyini göstərir. Bununla kədərimizə sevinc qatır, Kəlbəcəri yenidən canlandırır, evlər tikir, insanları yurd-yuvasına qaytarır, uşaqları məktəbə yola salır və bunun səbəbkarını göstərir. Film peşəkarcasına hazırlanıb. Ərsəyə gələn tək-tük filmlərdəndir ki, uzunmüddətli yaşam şəhadətnaməsi alacaq. Fikirlərimə gec olsa da iki cümləli təklifimi də əlavə etmək istəyirəm. 
Filmin birinci hissəsində, “Elegiya”da Kəlbəcərin ruhuna uyğun “Ruhani”, “Ballada”da isə “Baş divani”eşitmək istəyərdim. Ən azı mətinin alt qatında səsləndirmək olardı. Ola bilsin bu fikir, mənim Kəlbəcərin qonşusu olan Göyçədən olduğumdan və aşıq mahnılarını sevdiyimdən irəli gəlir. Amma fikrimcə kəlbəcərlilərin də ürəyincə olardı. 
Yazdıqlarımı uzadıb dolaşığa salmayacağam. Yekun olaraq filmi yenidən sizə təqdim etməklə müəllif Lalə Nürəddinqızını, rejissor Hikmət Əsgərovu və redaktor Səbinə Ağayevanı peşəkar işlərinə görə təşəkkür edirəm.

Şöhrət El-Dəniz

visiontv.az