Tehran Avropa ölkələrinin Hörmüzlə bağlı bütün təşəbbüslərini rədd edir - Səfirdən açıqlama
01.05.2026

"İranın mövqeyinə əsasən, Hörmüz boğazına hər hansı kənar müdaxilə yaxud xarici qüvvələrin yerləşdirilməsi qəbulolunmaz xarakter daşıyır. Buraya Fransa və Böyük Britaniyanın, habelə Avropa koalisiyasının irəli sürdüyü son təşəbbüslər və layihələr də aiddir. Tehran bu cür addımları qətiyyətlə rədd edərək qınayır və onları məqbul saymır".

Bu fikirləri  İranın İtaliyadakı səfiri  Məhəmməd  Rza Saburi  TASS agentliyinə verdiyi müsahibədə diqqətə çatdırıb.

Diplomat, həmçinin Avropa dövlətlərinə müraciət edərək, yaranmış böhranın əsas səbəblərinə diqqət yetirməyə, yəni  ABŞ və  İsrailin  Fars körfəzində və  Hörmüz boğazında əsas sahil dövləti olan İrana yönəlmiş hərəkətlərini durdurmağa səsləyib:

"Dəniz gəmiçiliyi üçün mövcud maneələrin aradan qaldırılmasının tək çıxış yolu sahil ölkəsi olan İranın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq, o cümlədən  ABŞ və  İsrailə qarşı siyasi təzyiq tətbiq etməkdir ki, onlar növbəti təcavüzlərdən imtina etsinlər və atəşkəs rejiminə tabe olsunlar".

Məhəmməd  Rza Saburi bildirib ki, bölgə ilə bağlı hər hansı təşəbbüs sahil dövləti olaraq mütləq İranla razılaşdırılmalı və koordinasiya olunmalıdır. O, eyni zamanda, diqqətə çatdırıb ki, Avropa dövlətləri  ABŞ və  İsrailin hücumları nəticəsində BMT  Nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalanmasına göz yumurlar.

"Bu hal beynəlxalq hüquq normalarına qarşı ikili standartların tətbiqini açıq şəkildə göstərir", - deyə diplomat qeyd edib.

Səfir, həmçinin İspaniya və İtaliyanın Tehran tərəfindən diqqətdən kənarda qalmayan müsbət mövqeyinə də toxunub.

"İspaniya və İtaliya digər  Avropa dövlətləri ilə müqayisədə fərqli addım ataraq, İrana yönəlmiş hücumları beynəlxalq hüquqa zidd adlandırıb və önəmli bir mövqe nümayiş etdiriblər. Bununla yanaşı, İtaliya hökumət rəhbərinin Minabdakı qızlar məktəbinə edilən hücumu qınayan fikirlərini də vacib hesab edirik", - deyə səfir bildirib.

Qeyd edək ki, bəzi dövlətlər, o cümlədən  Avropa ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması yollarını araşdırmaq məqsədilə fərqli səviyyələrdə bir sıra müzakirələr aparıblar. Regionda hər hansı mövcudluq yalnız hərbi münaqişələrin tam bitməsindən sonra və sırf "müdafiə xarakterli" məqsədlər çərçivəsində nəzərdən keçirilir.

visiontv.az