Təbriz həbsxanasında 3 məhbus edam edilib
29.03.2024

Son günlər Təbriz Mərkəzi Həbsxanasında narkotik cinayətləri ilə bağlı ittihamlardan məhkum edilən 3 məhbus edam edilib.

Təbriz həbsxanasında bir məhbus narkotiklə bağlı ittihamlara görə asılıb.

İran İnsan Haqları Təşkilatının (İHR), bu şəxsin kimliyini 36 yaşlı və əslən Təbrizdən olan Abbas Ağayi olaraq açıqlayıb.

O, təxminən iki il əvvəl həbs edilib və sonra məhkəmədə ona ölüm hökmü çıxarılıb.

İHR öz mənbələrindən sitat gətirərək, edam edilmiş Abbas Ağayinin bu yaxınlarda evləndiyini və atasının vəfatından sonra kiçik qardaşlarına da baxmaq öhdəliyi daşıdığını yazıb. Lakin məhkəmə bu şəxsin şəraitinə baxmayaraq, onun cəzasının azaldılmasına dair tələbini təmin etməyib.

Həmçinin martın 18-də Təbriz Mərkəzi Həbsxanasında biri qadın olmaqla iki məhbus asılıb.

Bu iki məhbus da narkotik cinayətləri ilə bağlı ittihamlara görə edam cəzasına məhkum edilib.

Edam edilən iki nəfərin Şərqi Azərbaycan vilayətinin Culfa şəhərindən olan cütlük olduğu bildirilib. Kişinin adı Yasin Zülfüqari olaraq müəyyən edilib, həyat yoldaşının kimliyi isə müəyyən edilməyib.

İndiyədək İran xəbər agentlikləri bu şəxslərin Təbrizdə edam edilməsi ilə bağlı heç bir xəbər dərc etməyib. Ümumiyyətlə İranın məhkəmə orqanları və mediası edam hallarının kiçik hissəsi haqda məlumatı ictimaiyyətə açıqlayır.

İran İnsan Haqları Təşkilatının (İHR) açıqladığı statistikaya görə, 2024-cü ilin əvvəlindən İranda 98 nəfər edam edilib ki, bu da demək olar ki, hər gün bir nəfərin edam edilməsi deməkdir.

2023-cü ildə ən azı 471 nəfər İranda narkotiklə bağlı ittihamlarla asılıb.

visiontv.az