İslam tarixindən Müaviyə və Əli ilə bağlı maraqlı bir rəvayət nəql olunur.
Rəvayətə görə, Müaviyənin adamları ailələrə quzu paylayıb uşaqlara deyirmişlər:
— Bunu sizə Müaviyə göndərib.
Uşaqlar sevinir, quzuya bağlanırlar. Sonra həmin quzular geri alınır və deyilir:
— Əli əmr edib.
Uşağın yaddaşında sadə bir fikir qalır:
Müaviyə verdi — Əli aldı.
Bu, təbliğat üsulu kimi çox maraqlıdır: insana “Əli pisdir” demirsən. Əvvəl sevindirirsən, sonra sevdiyini əlindən alıb qəzəbinin ünvanını göstərirsən.
1929-cu ildə amerikalı PR mütəxəssisi Edward Bernays başqa üsuldan istifadə etdi. Qadınlara sadəcə “siqaret çəkin” demədi. Nyu-Yorkda qadınların ictimai şəkildə siqaret yandırmasını təşkil etdi və siqareti “Azadlıq məşəli” adlandırdı.
Beləcə siqaret məhsul olmaqdan çıxıb qadın azadlığının simvolu kimi təqdim edildi.
Siqareti deyil, azadlıq hissini satdılar.
1990-cı ildə Küveytli 15 yaşlı Nayirah ABŞ-da danışaraq İraq əsgərlərinin doğum evlərində körpələri inkubatorlardan çıxarıb ölümə buraxdığını söylədi. Hekayə böyük rezonans doğurdu və Prezident Corc Buş tərəfindən də təkrarlandı.
Sonradan məlum oldu ki, qız Küveytin ABŞ-dakı səfirinin qızıdır və çıxış Küveyt üçün çalışan PR kampaniyası çərçivəsində hazırlanmışdı. İnkubator hekayəsinin təqdim edildiyi formada etibarlılığı ciddi şübhə altına düşdü.
Burada üsul başqa idi:
Mürəkkəb geosiyasəti izah etmək əvəzinə insanın gözünün qarşısına ölümə buraxılmış körpəni gətir.
1994-cü ildə Ruandada təbliğat daha dəhşətli nəticə verdi. RTLM radiosu tutsiləri davamlı şəkildə düşmən, hətta “tarakan” adlandırırdı. İnsan əvvəlcə sözlə insanlıqdan çıxarılır, sonra ona qarşı zorakılığın psixoloji maneəsi zəiflədilirdi. Nəticədə 1 milyondan çox insan qətl edildi…
Dövrlər, ölkələr və vasitələr dəyişir. Amma prinsip çox vaxt dəyişmir.
Ən güclü təbliğat insanın ağlına müraciətlə başlamır. Əvvəl onun hisslərinə girir: qorxusuna, qəzəbinə, qüruruna, mərhəmətinə, azadlıq istəyinə.
Sonra ağıl həmin hissə izah tapmağa başlayır.
Bəlkə təbliğatın ən böyük məharəti də budur:
Sən insana nə düşünəcəyini demirsən. Elə bir mənzərə yaradırsan ki, insan həmin nəticəyə özünün gəldiyini düşünür.
Bəs Azərbaycanda necə?
Son onilliklərdə bizim ictimai rəyimiz hansı hadisələr, hansı obrazlar, hansı təkrar olunan sözlər və hansı qorxular vasitəsilə formalaşdırılıb?
Bizim düşündüyümüz fikirlərin nə qədəri həqiqətən öz fikrimizdir?..
Elbəyi Həsənli
visiontv.az