Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 104 şübhəli saxlanıldı
07.08.2026

Türkiyənin hüquq-mühafizə orqanları İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 104 şəxsi ələ keçirib.

Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin "X" media hesabında yayımlanıb. 

"Jandarm qüvvələrinin 30 vilayətdə İŞİD terror qruplaşmasına qarşı icra etdiyi əməliyyatlar nəticəsində 104 şübhəli şəxs saxlanılıb. İstintaq zamanı məlum olub ki, həmin şəxslər təşkilatla əlaqədar insanlar və qondarma xeyriyyə fondları vasitəsilə İŞİD-ə maddi yardım göstərib, həmçinin sosial platformalarda terror təşkilatının təbliğatını aparıblar", - deyə qurumun bəyanatında qeyd olunub.

Axtarış və əməliyyat tədbirləri xüsusilə İstanbul, Antalya, Bursa, Konya və digər bölgələri əhatə edib.

visiontv.az