Bəzi qonşu xalqların (xüsusən də hayların, farsların) bizə qarşı aşkar paxıllığının əsas səbəbi millətimizin genetikasının istedad üzərində bərqərar olunması ilə bağlıdır. Bəli, Tanrı bizim millətimizi, insanımızı həqiqətən də istedadlı yaradıb. Öz də bütün sahələrdə istedadlıyıq. Elm və idmandan tutmuş ədəbiyyat və musiqiyə qədər.
Bunu uzaq Fransada “Duo Avey” duetini yaradan və parislilərin könüllərini ecazkar Azərbaycan musiqiləri ilə fəth edən iki gənc soydaşımızın həyat hekayəsi də təsdiqləyir. Söhbət Parisdəki Alfred Korto adına Musiqi Məktəbində (“L'École normale de musique de Paris - Alfred Cortot”) təhsil alan fleytaçı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadədən gedir.
Təsəvvür edin, qüdrətli nüvə derjavalarından biri olan və bütün dünyada “mədəniyyət beşiyi” kimi tanınan 68 milyonluq Fransa 10 milyonluq Azərbaycanın üzərinə Ermənistana verdiyi “Sezar”larla, “Bastion”larla gəlməyə çalışır, ancaq Azərbaycan insanı isə Fransaya musiqi aparır, Fransanın militarist siyasətini konsertlərlə cavablandırır, gənc azərbaycanlılar qocaman Parisi mədəniyyət ELÇİ`ləri kimi salamlayırlar.
Bir sözlə, fransız silahının qarşısına ondan da daha güclü silah – Azərbaycan mədəniyyəti çıxır.
Klassik Qərb və Azərbaycan musiqilərini eyni dərəcədə virtuozluqla səsləndirən bu iki gənc öz ifaları ilə fransızlara Azərbaycanı fərqli yöndən tanımaq imkanı yaradırlar. Ağarəhimin və Eldənizin ifaları erməni lobbisinin uzun illər boyu xalqımızın haqqında yaratdığı neqativ təsəvvürləri alt-üst edir. Bu iki gəncin sayəsində fransızlar Azərbaycan türkünün yaradıcılıq ruhu ilə tanış olur.
“Duo Avey” duetinin formalaşıb səhnəyə çıxmasında və milli musiqimizin Fransada təbliğatçısına çevrilməsində uzun illərdir Parisdə yaşayan fəal soydaşımız, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın da əməyini, rolunu xüsusi qeyd etməliyik. Aytən xanım Ağarəhim və Eldənizə öz dogma övladları kimi hər cür dəstək verir, hüquqitəşkilati məsələlərdə onlara kömək edir.
Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyimiz də bu iki yaradıcı gəncimizə sahib çıxmalı, onların təkcə Fransada, bütün Avropada ölkəmizi təmsil və təbliğ etmələrinə imkan yaratmalıdır. Qalib Azərbaycanın yaradıcılıq ruhunu, mədəniyyət potensialını sərhədlərimizdən kənarda tanıtmaq vaxtıdır. Bu cür istedadlı gənclərimizi meydanda tək qoymaq olmaz!
P.S.
Məşhur “Sivilizasiyaların toqquşması” kitabının müəllifi, amerikalı sosioloq və politoloq Semuel Hantinqtonun “Mədəniyyətin mühüm rolu” bestsellerindəki bu fikrini unutmamalıyıq: Mədəniyyətin müasir cəmiyyətlərə dərin təsiri danılmazdır...
P.P.S.
Duetin adındakı “Avey” sözü Azərbaycanın Avey dağının adından götürülüb. Bu dağ Qazax rayonu ərazisində yerləşir.
Bəybala Mirzəyev
visiontv.az