Süni intellekt bumu
12.10.2026

Süni intellekt ətrafında gedən indiki müzakirələr çox vaxt modellərin imkanları, insan əməyinə təsiri və texnoloji rəqabət üzərində qurulur. Halbuki prosesin daha az görünən, amma bəlkə də daha mühüm tərəfi onun arxasında qurulan nəhəng fiziki infrastrukturdur. Məlumat mərkəzləri, yarımkeçiricilər, enerji istehsalı və ötürülməsi, soyutma sistemləri, fiber-optik şəbəkələr və yüksək hesablama gücü artıq süni intellekti sadəcə proqram təminatı sahəsi olmaqdan çıxarır. Söhbət tədricən bütöv iqtisadiyyatın yeni texnoloji bazasının yaradılmasından gedir.

Columbia Business School-da hazırlanmış Steyn van Nyuverburqun (Stijn Van Nieuwerburgh) tədqiqatının işçi versiyasına əsaslanan və Mark John tərəfindən təqdim edilən müqayisə bu prosesin miqyasını xüsusilə aydın göstərir. Qrafikin ən diqqətçəkən nəticəsi budur ki, 2025–2032-ci illərdə süni intellekt infrastrukturu üçün gözlənilən investisiya intensivliyi ABŞ ÜDM-inin 3,22 faizinə çatır. Bu göstərici hətta XIX əsrin böyük dəmir yolu bumunun 2,24 faizlik səviyyəsini də xeyli üstələyir. Əslində qrafikin əsas mesajı da budur: süni intellekt bumu tarixi texnoloji dönüşlərlə müqayisə ediləcək miqyasda kapital tələb edir.

Dəmir yolu ilə müqayisə burada təsadüfi deyil. XIX əsrdə dəmir yolları yalnız nəqliyyat vasitəsi yaratmamışdı; onlar bazarları birləşdirmiş, şəhərlərin və sənaye mərkəzlərinin coğrafiyasını dəyişdirmiş, yeni maliyyə və logistika sistemləri formalaşdırmışdı. Süni intellektin yaratdığı infrastruktur da oxşar şəkildə iqtisadiyyatın başqa sahələrinə yayılır. Fərq ondadır ki, bu dəfə “relslər” poladdan deyil, çiplərdən, serverlərdən, elektrik xətlərindən və məlumat ötürmə şəbəkələrindən ibarətdir. Buna görə də süni intellektin iqtisadi təsirini yalnız proqramların və chatbotların uğuru ilə ölçmək getdikcə mənasızlaşır.

Ancaq belə bir investisiya miqyası təkcə imkan deyil, risk də deməkdir. Dəmir yolu və avtomagistral kimi infrastrukturlar onilliklər boyu istifadə edilə bildiyi halda, süni intellekt üçün qurulan texnoloji avadanlıq daha sürətlə köhnələ bilər. Bu gün ən qabaqcıl hesab edilən prosessor bir neçə ildən sonra iqtisadi üstünlüyünü itirə bilər. Ona görə qarşıdakı dövrün əsas sualı yalnız nə qədər kapital xərclənəcəyi deyil, həmin kapitalın nə dərəcədə məhsuldarlığa, yeni sənaye sahələrinə və davamlı iqtisadi artıma çevriləcəyidir. Əgər bu çevrilmə baş verərsə, süni intellekt bumu internet dövründən daha çox dəmir yolları və elektrikləşmə kimi ümumi təyinatlı texnoloji inqilablarla müqayisə edilə bilər.

Bir mətn şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az