Ermənistanın Rusiya ilə indiki münasibətləri məşhur Amerika cizgi filmi olan Tom və Cerrinin münasibətlərinə bənzəyir. Tom, Cerrini qovub yemək istədiyi, amma tutanda da yeməyib fərqli bəhanələrlə buraxdığı kimi Rusiya da Ermənistanla bu cür oyun oynayır.
Əslində Tom və Cerri bir-birindən heç vaxt ayrılmaq istəməyən, bir-birini görməyəndə darıxan, çox hallarda eyni məqsədə xidmət edən iki personajdı. Rusiya və Ermənistanda eynən bu cür bir-birlərinə bağlı, bir-birlərindən ayrılması mümkün olmayan iki ölkədir. Bu iki ölkənin başında kimin durması isə elə də əhəmiyyət daşımır. Hər ikisinin məqsədi bir-birinin mövcudluğunu qorumaqdır. Cerrinin və yaxud Paşinyanın hər çıxışında Toma və yaxud Rusiyaya qarşı tənqidi fikirləri çox vaxt ssenariləşdirilmiş tezislər əsasında olur. Və bu ssenarinin müəllifləri isə heç də Avropada və yaxud ABŞ-də oturanlar olmur. Tənqid etdiyi Moskvada, Kremldə oturanların cızdığı ssenarilərdir ki, Paşinyan onun boynuna biçilən rolu məharətlə oynayır.
Kreml Rusiyapərəst Serj Sarkisyanın hakimiyyətdən getməsinə ona görə rahatlıqla icazə verdi ki, qarşıda onu gözləyən Rusiya-Ukrayna savaşında Moskvaya dırmaqarası Qərpərəst erməni lider lazım idi. Bu lider MDB məkanından olmalıydı, Qərbə, ABŞ-ə çıxışı olmalıydı, diasporası aktiv və işlək olmalıydı. Belə bir lideri isə yalnız Ermənistanda axtarmaq lazım idi. Çünki MDB məkanında yalnız ermənilərin Qərbə və ABŞ-ə sərbəst çıxışı var, yalnız onların diasporasının Fransanın və ABŞ-nin siyasi dairələrinə nüfuz etmək gücü var və istənilən vaxt himayəsində olduğu qüvvələrə xəyanət etmək bacarıqları var. Ona görə bu dırnaqarası Avropameyilli lider, rusların dili ilə desək basyak Paşinyan oldu. Paşinyanın Avropanın və ABŞ-nin maliyyələşdirdiyi QHT sektorundan hakimiyyət eşalonun təpəsinə qaldırlması həm də Moskvanın xeyir duası ilə edildi. Ona görə ki, dediyim kimi Kreml Rusiya-Ukrayna savaşının qaçılmaz olduğunu bilirdi. Və Moskvaya müharibə başladığı təqdirdə Rusiyaya qarşı Avropanın və ABŞ-nin öldürücü iqtisadi sanksiyalarından yan keçməsi üçün dırnaqarası demokrat liderin rəhbərlik etdiyi Ermənistan lazım idi.
Artıq Rusiya-Ukrayna müharibəsinin 4-cü ili gedir. Amma Avropa və ABŞ-nin strateqlərinin fikirləşdiyi kimi Rusiyanın iqtisadiyyatı bir ilə məhv olub getmədi. Əksinə Rusiya çox məharətlə elə Avropanın və ABŞ-nin özü ilə iqtisadi kanallarını qoruyub saxladı və adi dildə desək alverlərini davam etdirə bildilər.
Kimin hesabına? Təbii ki, Rusiyanı az qala düşmən elan edən Ermənistanın və onun dırnaqarası lideri Paşinyanın hesabına. Son günlər Rusiya-Ermənistan iqtisadi əlaqələrində artımın pik həddə çatdığı bildirilir. 1 milyon yarım əhalisi olan, iqtisadi baxımdan dalana dirənmiş Ermənistan necə olur ki, Rusiya ilə mal dövrüyyəsi 16-17 milyard dollara çatır. Ermənistanda bu qədər resurs hardandır? Təbii ki, İrəvan belə bir resursa malik deyil. Deməli Rusiya Avropanın və ABŞ-nin sanksiyalarından yan keçmək üçün Ermənistandan və dırnaqarası demokrat, avropameyilli Paşinyandan istifadə edir. Təbii ki, ABŞ və Avropa da bunu bilir. Amma ermənilərin beynəlxalq miqyasda təbliğ etdiyi Azərbaycan və Türkiyə düşmənçiliyi xofu Avropanı və ABŞ-ni kor olmaq məcburiyyətində qoyub. O cümlədən Vaşinqton və Parisdə oturan strateqlər fikirləşir ki, Moskva kimi onlar da Paşinyandan istifadə edib Cənubi Qafqazda möhkəmlənib Rusiyanı bölgədən çıxarda bilərlər. Amma yanılırlar. Rusiya - Ermənistan münasibətləri İrəvanın bir ölkə kimi ölüm və qalım müstəvisində qurulub. Ermənistanı ölkə kimi Rusiya yaradıb və yalnız Moskva bu ölkənin mövcudluğuna son qoya bilər. Bunu ermənilər və “demokrat” Paşinyan gözəl bilir. Ona görə yenə o söhbətə gəlirəm ki, bu gün Rusiya ilə Ermənistanın oynadığı siçan-pişik oyunu bir görüntü və mirajdır. Bu oyunu görmək, anlamaq və tədbirli olmaq isə bizim boynumuza düşür.
Şöhrət El-Dəniz
visiontv.az