Rusiyanı silkələyən qan davası
19.10.2024

Rusiya Federasiyasına bağlı federal subyektlər arasında zaman - zaman münasibətlər kəskinləşir. Bir müddət əvvəl Çeçenistan və İnquşetiya arasında yaşanan skandal ağıllardan silinməmiş indi də Çeçenistan və Dağıstan arasında münasibətlərdə gərginlik hökm sürür.

Çeçenistan rəhbəri, Rusiyada daxilində kifayət qədər nüfuzlu şəxs hesab edilən Ramzan Kadırov Kremlə yaxınlığı ilə seçilən iş adamı, Dağıstanı Federasiya Şurasında təmsil edən milyarder Süleyman Kərimovu ölümlə təhdid edib. Çeçen lider iddia edir ki, ləzgi əsilli senator Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Qurbanovla bərabər ona qarşı sui - qəsd təşkil ediblər. O, bildirib ki, əgər hər 3 şəxs əksini sübut etməsələr onlara qarşı qan davası elan edəcək. Çeçenistan liderinin hədələdiyi şəxslərin içində xüsusi ağırlığı olan və diqqəti daha çox cəlb edən Süleyman Kərimovdur. Dərbənddə milliyyətçi ləzgi olan ailədə anadan olmuş Süleyman Kərimov " Nafta - Moskva " kompaniyasının sahibidir. Forbes siyahısına görə Kərimov ən zənginlər siyahısında 217 - ci yerdədir. Onun Kremillə, şəxsən Vladimir Putinlə geniş əlaqələri var. Milyader senator Qazpromun əsas tərəfdaşıdır, onun bu şirkətlətdə çoxsaylı aktivləri mövcuddur. O, həmçinin " Kremlin sütunu " adlandıran RosNeftin rəhbəri İqor Seçinlə də yaxın dostluq əlaqələrini malikdir. Kərimov barəsində Rusiyada yayılmış lətifəvari məlumatda onun səhər yeməyini Moskvada, günorta yeməyini Londonda, şam yeməyini Dubayda yediyi qeyd edilir. Rusiyadan başqa onun xarici əlaqələri də güclüdür. Süleyman Kərimovun Londondakı kral ailəsi içərisində və İsraildə çoxsaylı dostları var. Onun həmçinin Qətəri idarə edən Al - Sani sülaləsi, Dubayı idarə edən Əl - Maktun ailəsi və Əbu - Dabi şeyxləri ilə də geniş əlaqələri var. Hadisənin səbəbi " Wildberries " şirkətinə nəzarət üstündədir. Bu ilin sentyabrın 18 - də bu şirkətin Moskvadakı mərkəzi ofisində atışma da baş verib. Nəticədə ölən və yaralananlar olmuşdu. Kadırov iddia edir ki, həmən hadisəyə görə onu öldürmək istəyirlər. Hadisənin motivi bir neçə istiqamət üzrə baş verə bilər. Rusiya - Ukrayna müharibəsi Rusiya daxilində vaxtilə yaradılmış muzdlu silahlı qrupları - Yevgeni Piqojinin " Vaqner " və Ramzan Kadırovun " Axmat " dəstələrinin gücünü artırdı. Baş vermiş üsyandan sonra Vaqner sıradan çıxarıldı, onun rəhbəri Piqojin müəmmalı şəkildə qəzada həlak oldu. Hazırda Rusiyada ən güclü özəl dəstə məhz çeçen silahlılardan təşkil edilmiş Axmat hesab edilir. Kadırovun Putinlə münasibəti yaxşı olsa da Kremldəki əksər məmurlar, xüsusilə də Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu ilə gərgin münasibətləri var. Ola bilər ki, Kreml Çeçenistan rəhbərini yola salmağa, yada gücünü zəiflədib onu nəzarət altına almağa çalışır. İlk öncə onun gücünü zəiflətmək üçün Rusiyadakı biznesini sıradan çıxarmaq qərarı verilib. Bu işdə isə peşəkar biznesmen Süleyman Kərimovdan istifadə edilir. İkinci həmlə isə onun hərbi gücünün zəiflədilməsi ola bilər. Axmata verilən təchizatın zəiflədilməsi və bu dəstəsinin Ukraynada gərgin döyüşlərə cəlb edilməsi ehtimalı yüksəkdir. Kadırov Süleyman Kərimov və onun müttəfiqi olan deputatları açıq təhdid edərək heç kimdən qorxmadığını bildirdi və onun üzərinə kim gələrsə açıq hədəfə çevirəcəyini elan etdi. Baş verənlərə Kremldən reaksiya gəlməyib. Rusiya prezidentini Mətbuat katibi Dmitri Peskov hadisəni şərh etməkdən imtina edib və təhdid edilən şəxslərə hüquq - mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Məsələyə hələ ki, Kremlin müdaxiləsi lazım deyil. Kərimov özü də təkbaşına Kadırovla bacara bilər. Çeçenistan liderinin bu məsələni ölkənin hüquq - mühafizə orqanlarının rəhbərləri ilə görüşdə açması isə onu göstərir ki, Kadırov rəhbərlik etdiyi dövlət gücündən istifadə etmək istəyir. Ancaq onun bu addımına Dağıstan rəhbəri Sergey Məlikov cavab verib. Məlikov Süleyman Kərimovu Dağıstan xalqının böyük oğlu adlandırıraq hər zaman onun yanında olduqlarını bildirib. Bu Məlikovun Kadırova xəbərdarlığıdır ki, əgər o, bu mübarizə Çeçenistanın güc strukturlarından istifadə edərsə adekvat şəkildə o da Kərimov xeyrinə Dağıstanın güc strukturlarından istifadə edəcək. Ümumilikdə, bu Çeçenistan və Dağıstan rəhbərləri arasında ilk konflikt deyil. Ramzan Kadırov Kremlin bu bölgədəki federal subyektlərinq rəhbərlik üçün hərbiçilərin göndərməsini qəbul etmir və onlarla daim konfliktə girir. Uzun müddət Kadırovla İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında da ciddi gərginlik var idi. Daha sonra Putin Kadırova güzəştə getdi və Yevkurov İnquşetiya rəhbəri vəzifəsindən azad edilərək Rusiya Müdafiə nazirinin müavini təyin edilməklə Moskvaya gətirildi. Bundan sonra Dağıstana rəhbər göndərilən hərbiçi Sergey Məlikov da Yevkurov kimi Kadırovla konflikt yaşadı.Məlikov Kərimov kimi ləzgidir, hətta aralarında qohumluq olduğu barədə məlumatlar dolaşır. Görünür ki, Çeçenistan rəhbəri böyük toqquşma içərisindədir. Bu dəfə də onun qalib gəlib - gəlməyəcəyi əlbətdə ki, Kremldə qəbul edilən qərardan asılı olacaq.

Zeynal Əmirəliyev

visiontv.az