Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bu il Rusiyanı Putin rejiminin əleyhdarları – “Rusiya demokratik qüvvələrinin nümayəndələri” kimi təqdim olunan şəxslər təmsil edəcəklər. Bu barədə AŞPA-nın saytında Estoniyalı deputat, Reform partiyasının üzvü və Assambleyada Rusiya üzrə xüsusi məruzəçi funksiyasını yerinə yetirən Eerik-Niiles Krossun hesabatında bildirilir.
Rusiyanın AŞPA-da müxalifət nümayəndəliyi ilk dəfə 2024-cü ildə, bir illik hazırlıqdan sonra meydana gəlib. 2024-cü ilin sentyabrında rusiyalı siyasətçilər və fəallardan ibarət əlaqələndirmə qrupu — Dmitri Qudkov, Sergey Aleksaşenko, Yekaterina Şulman, Anastasiya Şevçenko, Kirill Martınov, Maksim Kurnikov və başqaları — Parisdə müzakirə keçirərək, hərbi cinayətlərdə ittiham olunan Vladimir Putinin rejiminə qarşı mübarizənin növbəti addımlarını müzakirə ediblər. AŞPA Putin rejimini legitim hesab etmir.
Kross öz hesabatında Rusiya müxalifətindən də bəhs edir və rejimə qarşı mübarizədə mühüm rol oynayan şəxslər kimi Aleksey Navalnı, iş adamı və keçmiş siyasi məhbus Mixail Xodorkovski, həmçinin Qarri Kasparov, Vladimir Kara-Murza və Nataliya Arnonun adlarını çəkir.
Kross Avropa Şurasına üzv dövlətlərin Rusiya platformasının AŞPA çərçivəsində fəaliyyətinə dəstək verməli olduğunu vurğulayır. Bu dəstək administrativ, hüquqi və logistik yardım formasında olmalı, məsələn, səfərlər, vizalar, yaşayış yerləri və maliyyə töhfələri ilə bağlı köməyi əhatə etməlidir. AŞPA həmçinin Kremlin təbliğatına qarşı informasiya kampaniyaları aparmağı və Avropa ictimaiyyətinə Rusiya demokratik qüvvələrinin Putin rejiminə qarşı apardığı mübarizəni çatdırmağı planlaşdırır.
visiontv.az