Rusiya digər ölkələrlə neft məhsullarının mümkün idxalı barədə danışıqlar aparır
05.07.2026

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O bildirib ki, tərəflər münasib qiymətlər barədə razılığa gələrlərsə, Moskva xaricdən yanacaq idxal etməyə hazırdır.

Kreml rəsmisi danışıqların məhz hansı ölkələrlə aparıldığını dəqiqləşdirməyib.

"Təmaslar davam edir. Münasib qiymətlərlə bağlı razılıq əldə olunarsa, bu proses baş tutacaq. Bu, bazarı sabitləşdirmək yolunda növbəti addım olacaq və yaranmış ajiotajlı tələbatı aşağı salmağa yönəlib", – Peskov vurğulayıb.

İyunun 24-də "Reuters" agentliyi Rusiyanın təxminən 50 min ton "Aİ-92" markalı benzin tədarükü ilə bağlı Qazaxıstana müraciət etdiyini xəbər vermişdi. O zaman Astana danışıqlar faktını rəsmən təkzib etmiş, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Moskvadan rəsmi sorğu daxil olmadığını bildirmişdi.

Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı ötən illə müqayisədə təxminən dörddə bir qədər azalıb. Rusiya rəsmiləri idxalla yanaşı, yanacaq ixracına məhdudiyyət qoyulması və neft emalı zavodları üçün subsidiyaların artırılması variantlarını da nəzərdən keçirirlər. Moskva artıq daxili bazar üçün benzin və dizelin keyfiyyət tələblərini yumşaldıb, həmçinin yanacağın dəniz yolu ilə çatdırılması imkanlarını araşdırır.

visiontv.az