Baş prokuror Kamran Əliyev oktyabrın 29-da Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edən Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsanla görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Aleksandr Qutsan Fəxri xiyabanda ümummill lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Görüşdə Kamran Əliyev Azərbaycan-Rusiya münasibətlərində dostluq, qarşılıqlı anlaşma, etimad və qarşılıqlı yardım prinsiplərinin əhəmiyyətini vurğulayıb.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirərək, bu əlaqələrin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətməkdə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərin ekstradisiyası, habelə hüquq tətbiqetmə təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bu sahələrdə qarşılıqlı fəaliyyətin inkişafında Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyası Baş Prokurorluğu arasında 9 aprel 2021-ci il tarixində imzalanmış əməkdaşlığın inkişaf etdirilməsi niyyətinə dair Bəyanatın əhəmiyyəti vurğulanıb.
Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin cari ilin sentyabr ayında Kazan şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı vəzifələr, beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi və ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səmərəli əməkdaşlığın inkişafına və Azərbaycan Respublikası Prokurorluğu ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan Baş prokuror Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Görüşdən sonra Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.
Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.
visiontv.az