"İKT sahəsində xidmət göstərən startaplar və texnopark rezidentləri 20 il müddətinə gəlir, mənfəət, dividend, əmlak və torpaq vergilərindən tam azad edilirlər".
Bunu bu gün keçirilən Texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.
O qeyd edib ki, bu sahədə çalışan yüksəkixtisaslı xarici mütəxəssislərin aylıq maaşlarından 20 il müddətinə 0% dərəcəsi ilə gəlir vergisi tutulacaq.
"Elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər 2.5 əmsalla vergi ödəyicisinin gəlirindən çıxılacaq.
Startaplar və texnopark rezidentləri tərəfindən xaricdən alınan bulud xidmətləri, proqram təminatı və platforma xidmətləri üçün edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmayacaq və bu xidmətlər ƏDV-dən azad olunacaq.
Xarici şirkətlərə distant işləyən və gəlirini xaricdən əldə edən xarici ölkə vətəndaşlarına "rəqəmsal səyyah" statusu verilir. Onlar ölkəyə gətirdikləri valyutaya görə hər hansı məbləğ məhdudiyyəti ilə üzləşməyəcək, xarici ölkədən əldə etdikləri gəlirlər vergidən azad olacaq.
Dövlət satınalmalarında isə startaplara və texnopark rezidentlərinə 20%-dək qiymət güzəşti tətbiq ediləcək.
Yeni qanunvericilik aktları Azərbaycanın innovasiya və rəqəmsal texnologiyalar mərkəzi kimi inkişafını dəstəkləyir. Startaplar, investorlar və texnologiya şirkətləri üçün daha əlverişli mühit yaradır".
visiontv.az