Realizm və Humanizm
16.09.2024

Məşhur satirik yazıçı Mark Tvenin əsərlərinin birində original bir məqam var, istəyirəm pritça kimi sizinlə paylaşım. Mənim xətrimə oxumasaz da, böyük yazıçının xətrinə oxuyun, dünyanın işlərindən xəbərdar olun...

Mark Tven deyir ki, günlərin bir gecəsi evə qayıdırdım. Gördüm evin bayır qapısının ağzında bir it var, bir ayağı sınıb, küçədə sürünür. Yazığım gəldi, iti qucağıma götürdüm, evə gətirdim. Xidmətçiyə dedim, hamama salsın, təmiz yusun. Özüm itin ayağına baxdım, az-çox başım çıxır. Sınıq yerini təmizlədim, dərman vurdum, iki ağac parçası ilə sıxıb sarıdım. İt iki həftə bizdə yeyib yatdı, ikinci həftənin axırında ayağı sağaldı, quyruğunu bulaya-bulaya getdi...

Üstündən bir-iki həftə keçdi, it söhbəti yaddadşımda xoş bir xatirəyə çevrildi. Humanizm realizmdən fərqlidir, adama ləzzət verir. Yenə günlərin bir gecəsi evə qayıdırdım. Gördüm bizim küçədə, evin qapısında 3 it var, biri bizim itdir, mənə baxıb quyruğunu bulayır. O biri ikisinin ayağı sınıb, bit basıb, ağrıdan ulayırlar. Nə başınızı ağrıdım, köhnə tas, köhnə hamam. Bu itlər də iki həftə bizdə yeyib yatdılar, ikinci həftənin axırında ayağa qalxdılar. Bizim birinci it də bunların hesabına kef çəkdi, onlarla bir gəldi, bir getdi...

Mark Tven bu yerdə deyir ki, realizmi humanizmə qurban vermək olmaz, əks halda özünüz humanizmin qurbanı ola bilərsiz. Mənim kimi... Deməli, bir-iki həftədən sonra mən yorğun-arğın növbəti yaradıcılıq ezamiyyətindən evə qayıdırdım, gecə yarısı evə çatdım. Gördüm bizim küçə tərpənir, sürünür, ulayır. Hər tərəf ayağı sınmış, qotur basmış, yiyəsiz itlərlə doludur. İydən baş çatlayır, bizin üç it də məni tanıyıb, baxıb quyruğunu bulayır... Qaçmaqdan başqa çarəm qalmadı. Gecəni oteldə qaldım, səhəri yeni bir yaradıcılıq ezamiyyətinə yollandım...

Qalib ARİF

visiontv.az