“Qarabağ” mahnısı və erməni faşizmi
“Qarabağ” mahnısı və erməni faşizmi
04.02.2025 Şöhrət El-Dəniz Tərəfindən

Erməni toplumu Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil.

Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videodakı şəxslərin Güney Azərbaycanlılar olduğu bildirilir.
Görüntüləri Ermənistanın bir sıra "Telegram" kanalları yayıb. Ermənilər baş verənlərlə bağlı təəccüb və hiddətlərini bildiriblər. Onlar İrəvan polisini fəaliyyətsizlikdə günahlandırıblar. Ermənilər onları “Azərbaycan kəşfiyyatçıları” adlandırıblar. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə görüntülərlə bağlı məlumat paylaşaraq mahnı oxuyan şəxslərin İran azərbaycanlıları olduğunu bildirib. Dediklərimizi rəsmi məlumat hesab etmək olar. Amma məsələ bununla yekunlaşmayıb.

Hal-hazırda Ermənistan mediasında və sosial şəbəkələrdə baş alıb gedən anti-azərbaycan, anti-türk ajiotajı o həddə çatıb ki, ermənilərin müharibədən sonra maskalamağa çalışdıqları faşist simaları çılpaqlılğı ilə yenidən üzə çıxıb. Erməni toplumunda azərbaycanlıya, türkə qarşı nifrətin hansı həddə olduğunu biz Qarabağda, Xocalıda gördük. Amma 44 günlük müharibədən sonra fikirləşdik ki, məğlub olan erməni toplumu sakitləşib oturar yerində. Əslində Ermənistan hökumətinin dırnaqarası sülh siyasəti də guya bu istiqamətdə gedir. İki gündən bir "biz Azərbaycanla sülh istəyirik, kommunikasiyaların açılmasına çalışırıq, mehriban qonşu olmaq istəyirik" kimi bəyanatlar görünür boş-boş səsləndirilən fikirlər, sözlərdir. Ermənilər Azərbaycana qarşı nifrətini, hirsini nə qədər maskalamağa çalışsalar da xırda bir qığılcım bu toplumun bütün vəhşiliyini ortaya qoyur. Əslində bu cür qəddar münasibət üçün ciddi səbəb belə yoxdur. İrandan olan bir qrup azərbaycanlı İrəvanda Qarabağ mahnısı oxuyub. Burda Ermənistan dövləti üçün təhlükəli hansı element var? Gəlin araşdıraq. 

Birincisi. Qarabağ mahnsı onları narahat edib? 

Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmiləri həm İrəvanda, həm də Beynəlxalq tribunalardan dəfələrlə bəyan ediblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu belə olduğu təqdirdə Qarabağ kəlməsi, özü də musiqi ilə səsləndirilməsi erməniləri niyə belə narahat etməlidir?

İkincisi.  Güney azərbaycanlıların İrəvanda olması onları narahat edib? 

Hamıya, o cümlədən bütün dünyaya bəllidir ki, İran və Ermənistan qardaş-bacı kimi bir dövlətdir. İran olmasaydı Ermənistanın müstəqilliyi də şübhə altına düşərdi. Ona görə İran və Ermənistan vətəndaşları tez-tez bir-birlərinə qonaq gedir, bayramlarda İrəvana istirahətə gəlirlər və sair. Statistikaya fikir versəniz Ermənistana ən çox səfər edən turistlər də məhz İran vətəndaşlarıdır. Ona görə də İranın 30 milyondan çox azərbaycanlı vətəndaşlarından İrəvana gedənlərin sayı heç də az deyil. İrəvanda fəalliyyət göstərən Göy məsciddə çalışanların da əksəriyyəti Güney azərbaycanlılarıdır. Deməli ermənilərin bu qədər azğınlaşmasına səbəb Güney azərbaycanlılar ola bilməz.

Qalır yeganə səbəb...

Ermənistanda yüz illərdir kök salan faşizm ideologiyası və onun daşıyıcıları. "Daşnaksutyun", “Njdeizm” kimi faşist, millətçilik ideologiyası ermənilərdə türklərə və azərbaycanlılara qarşı illərlə nifrət və dözümsüzlük formalaşdırıb. Yəqin yadınızdadır bir neçə il əvvəl Ermənistanda keçirilən idman yarışlarında Azərbaycan bayrağının yandırılması, terrorçulara İrəvanın mərkəzində abidə ucaldılması və s. faktlar bu toplumun hələ də faşizmin təsiridən xilas olmadığını göstərir. Ona görə haqlı suallar doğur ki, Ermənistanda faşizmin kökü kəsilmədən, turkofobiya və azərbaycanofobiya aradan qalxmadan Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyə ilə necə sülh bağlayacaq?  Azərbaycana və türkə nifrət pik həddə olduğu bir Ermənistan Zəngəzur dəhlizinə necə nəzarət edə bilər? Təbii ki, bu heç cür mümkün deyil. Görünən o ki, Ermənistan toplumu Azərbaycanla sülh şəraitində yaşamaq, iqtisadi, siyasi, logistik əməkdaşlıq etməyə hazır deyil. Nə mənəvi, nə siyasi, nə psixoloji baxımdan ermənilər azərbaycanlı, türk kəlməsini qəbul edə bilmir. Bu kəlmə onlarda düşmən sözü ilə yanaşı çəkilir. Belə bir topluma isə Azərbaycan heç vaxt etibar edə bilməz. Necə ki etmir.

Şöhrət El-Dəniz

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8