“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi oldu
28.12.2021

Bu gün Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib.

44 günlük Vətən müharibəsindəki Qələbəmizi simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” sosial layihəsi çərçivəsində hazırlanıb.

Ekran əsərinin təqdimatından öncə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev çıxış edərək film haqqında məlumat verib.

Bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ İlmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. Vurğulayıb ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər Günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Sonra film nümayiş edilib.

Filmin nümayişindən sonra çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə qeyd edib ki, layihə çərçivəsində toxunan xalça Qələbəmizin rəmzidir.

Nazirlik rəsmisi söyləyib ki, xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov vurğulayıb ki, layihəyə "Azərxalçanın" 12 emalatxanası və 16 toxucusu cəlb olunub: “Məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsində bir daha ölkəmizin gücünü gördük. Biz bu layihə ilə xalqımızı yenidən mədəni irsimiz, tariximizlə birləşdirməyə nail olduq".

Tədbirdə filmin ssenari müəllifi Orxan Cabbarlı layihənin həyata keçməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Sonda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, şəhid polkovnik-leytenant Raqub Orucovun və Vətən müharibəsi şəhidi Denis Əliyevin ailə üzvlərinin iştirakı ilə 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi olub.

Qeyd edək ki, “Qarabağ İlmələrdə” sənədli filminin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru isə Böyükağa Nağıyevdir.

Visiontv.az