Qarabəyli Qara bəy İsmayıl ağa oğlu 1873-cü il yanvar ayının 14-də Yelizavetpol (indiki Gəncə) quberniyasının Yuxarı Ayıblı kəndində anadan olub. Şəmkir alman-rus litseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirib. 1892-ci ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olub. 1896-cı ildə siyasi fəaliyyətə görə bir il həbsdə olub.
Həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirib. 1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya gələrək şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. Həmin dövrdən publisist kimi fəaliyyətə başlamış, “Həyat”, “İrşad”, “Kaspi” və s. nəşrlərlə əməkdaşlıq edib. 1906-cı ildə İrana mühacirət edərək inqilabi fəaliyyətini davam etdirmiş, 1908-ci ildə İstanbulda “Səadət” adlı təşkilat yaratmışdı. 1911-ci ildə Bakıya qayıdaraq publisistik fəaliyyətini davam etdirmiş, “Haqq yolu” adlı jurnal nəşr etdirib. Həmçinin, Azərbaycanda ilk dəfə ikicildlik türk-rus lüğətini nəşr etdirib. Fevral inqilabından sonra yenidən Bakıya qayıdan Qarabəyov “Kaspi” və “Yeni həyat” qəzetlərinin baş redaktoru olub. Qarabəyli mart soyqırımından sonra Bakını tərk edərək Dağıstana gedib. “İttihad” partiyasının sədri olan Qarabəyli 1918-1920-ci illərdə fəaliyyətdə olan Azərbaycan Demokratik Respublikası parlamentinə deputat seçilib. Aprel işğalından sonra Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. N.Nərimanovun xahişi ilə Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilmişdir. Moskvaya köçərək Rusiya fövqəladə komissarlığının xəstəxanasında həkim işləyib.
Qara bəy Qarabəyli Kreml xəstəxanasına rəhbərlik edib. 1924-cü ildə Qazaxıstana köçərək burada ilk Mamalıq Texnikumunun əsasını qoyub. 1933-cü ildə Səmərqənd xəstəxanasında baş həkimin müavini olub. 1934-cü ildə gizli olaraq Bakıya gəlmiş, burada bir erməni döydüyü üçün həbs edilib. 1936-cı ildə həbsdən buraxılaraq Səmərqəndə göndərilən Qarabəyli vərəm sanatoriyasının baş həkimi işləyib. Qara bəy Qarabəyli 1953-cü ildə Səmərqənddə vəfat edib.
Bünyamin Bünyadzadə
Visiontv.az