"Qafqaz evi": Rəsmi Bakı xarici gücləri bölgədən çıxartmağa çalışır
"Qafqaz evi": Rəsmi Bakı xarici gücləri bölgədən çıxartmağa çalışır
27.10.2024 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycanın Cənubi Qafqazda rolu.

44 günlük Qarabağ savaşından sonra Cənubi Qafqazda yaranan yeni reallıq Azərbaycanı regionda lider ölkəyə çevirdi. Ədalətli qalib obrazı, iqtisadi dirçəliş, ermənilər tərəfindən viran edilmiş Qarabağın bərpası, qlobal iqtisadi layihələrdə fəal iştirak, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Qoşulmama hərəkatında aktiv fəaliyyəti, Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və bəşəriyyəti narahat edən qlobal problemlər barədə söz sahibi kimi təkliflərlə çıxış etməsi Azərbaycanı müstəqil dövlət kimi böyük güclərlə bir masada oturmaq imkanı yaratdı. Və bu reallıq təbii ki, kiçik dövlətlər üzərində dominantlıq edən Qərbin ürəyincə olmadı. Azərbaycana yönəlik Qərbin təzyiqləri, təhdidləri və şantajlarının kökündə də məhz bir amil dayanır. Bu da Azərbaycanın Cənubi Qafqazda lider ölkəyə çevrilməsi və müstəqil siyasət yürütməsidir. Cənubi Qafqazın digər iki dövləti Gürcüstan və Ermənistanın nə iqtisadi, nə də siyasi iradəsi onların müstəqil dövlət kimi təsirli alətə sahib olmadığını önə çıxardır. Amma Azərbaycanın iqtisadi, siyasi, hərbi və demoqrafik göstəriciləri rəsmi Bakıya imkan verir ki, yarımdövlət vəziyyətdə olan Gürcüstan və Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən güclərin təsir dairəsindən çıxarda bilsin. Və 100 ildir ideya kimi səsləndirilən “Qafqaz evi” layihəsini gerçəkləşdirsiz. Bu ideyanın aparıcı qüvvəsi və lokomotivi təbii ki, Azərbaycan olduğundan, ideyanın müasir geopolitik düzənə uyğun dizayin edilməsinin də yükü təbii ki, rəsmi Bakının üzərinə düşür.  Yadınızdadırsa 2023-cü ilin oktyabrın 8-də Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı “Qafqaz evi” ideyasını yenidən gündəmə gətirdi. Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamışdı. Yəni  Azərbaycan regional problemlərin bölgə dövlətləri çərçivəsində həllinə tərəfdar olduğunu, Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edir. Qərbin bütün təzyiq və təhdidlərinə rəğmən, fakt budur ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi yeni reallıqlar yaradır. Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı rəsmi Tbilisiyə imkan verir ki, Bakının gücündən, qüdrətindən yaxşı mənada yararlansın. Rəsmi Bakı isə bölgənin lider dövləti kimi region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasına çalışır. Təbii ki, bu rəsmi İrəvan üçün də məqbul modeldir. Və  Ermənistan istəyərsə, bu modelin tərkib hissəsi ola bilər. Yox, qiymətləndirməni düzgün aparmasa, yenə izolyasiyada qalacaq. Təbii ki, Qərb də öz maraqları uğrunda apardığı gərgin mübarizənin fonunda “Qafqaz evi” ideyasını kölgədə saxlamağa cəhd edir və bu təşəbbüsün reallaşmasını Ermənistanın əli ilə çətinləşdirir. Lakin Azərbaycan bölgənin lider ölkəsi kimi faktiki olaraq “Qafqaz evi” uğrunda daha geniş miqyasda gərgin mübarizəyə start verib. Bunun üçün Azərbaycanın mövqeyini və təşəbbüsünü gücləndirən bir çox səbəblər var. İlk növbədə, Prezident İlham Əliyevin irəli sürdüyü müstəqil siyasət  çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi-iqtisadi mühit yarada, yeni səmərəli layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiyasını, yeni əməkdaşlıq və qonşuluq modelinin yaranmasını da şərtləndirər. Nəticə olaraq deyə bilərik ki, son yüz ildə baş verənlər sübut edir ki, Azərbaycan regionda əsas aparıcı dövlət olaraq sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülmüş “Qafqaz evi” ideyasının təşəbbüskarı olmaqla yanaşı, bu ideya uğrunda davamlı və ardıcıl mübarizə aparır. Görülən işlər isə Azərbaycanın regional miqyasda tarixi missiya yerinə yetirmək üçün tam hazır olduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin yürütdüyü siyasət qarışıq dünyada Cənubi Qafqazda etimad mühitinin yaranmasına, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə zəmin yarada, bölgəni bir çox fəsadlardan qoruya, xalqların dinc yanaşı yaşamasına şərait yarada bilər.

Şöhrət El-Dəniz ( Əliyev)
visiontv.az