Polşa Ukraynaya növbəti hərbi yardım paketini ayırmağa hazırlaşır
04.11.2026

"Rzeczpospolita" nəşrinin Polşa Milli Müdafiə Nazirliyinin rəsmisi Dariuş Lukovskiyə istinadən yaydığı məlumata görə, təxminən 50 milyon avro dəyərindəki bu paketə iki ədəd MiQ-29 qırıcısı da daxildir.

Jurnalistin təyyarələrin nə vaxt təhvil veriləcəyi ilə bağlı sualına Lukovski "Qərar artıq qəbul edilib, qırıcılar tezliklə Ukraynada olacaq", — deyə cavab verib.

Nəşr yazır ki, qırıcılardan yalnız biri uçuşa tam yararlıdır. İstismar müddəti başa çatmış ikinci təyyarədən isə Ukrayna tərəfi ehtiyat hissəsi kimi istifadə edəcək.

Polşa 2022–2023-cü illərdə Ukraynaya müxtəlif texniki vəziyyətdə olan daha 14 ədəd MiQ-29 ötürmüşdü.

Yeni yardım paketinə qırıcılarla yanaşı, 152 mm və 155 mm-lik artilleriya mərmiləri, Rusiya dronlarına qarşı effektiv olan F-16 döyüş sursatları və qısa mənzilli "Piorun" zenit-raket kompleksləri də daxildir.

visiontv.az