ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə mindirib. Bu haqda "Politico" nəşri yazır. İranla müharibə səbəbindən artıq tankerlərə yüklənmiş Rusiya neftinə sanksiyalar bir aylığına qaldırılmışdı.
ABŞ Maliyyə Nazirliyinin məhdudiyyətləri yumşaltmasında məqsəd qiymətləri aşağı salmaq idi. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan Tehranın Hörmüz boğazını faktiki blokadaya alması dünya neft qiymətlərində kəskin artıma səbəb olmuşdu. Dünyada neftin 20 faizi bu boğazdan keçir.
Möhlətin müddəti aprelin 11-də başa çatıb.
"Politico" yazır ki, bəzi ABŞ senatorlar bu yumşaldılmanın dayandırılmasına çağırmışdılar. Onların sözlərinə görə, bu güzəştlər Rusiyaya və onun tərəfdaşlarına 4 milyard dollardan çox gəlir əldə etməyə imkan verib.
ABŞ prezidenti Donald Tramp daha öncə vəd edib ki, İrana qarşı hazırkı kampaniya bitincə, Rusiya neftinə sanksiyalar bərpa olunacaq. Maliyyə naziri Skott Bessent isə qeyd etmişdi ki, nazirliyin hesablamalarına görə, sanksiyaların yumşaldılması dövründə Rusiya maksimum 2 milyard dollar gəlir əldə edə bilərdi.
"The Financial Times" neftin bahalanmasından ən çox Rusiyanın faydalandığını bildirib. Aprelin əvvəlinə Rusiyanın "Urals" neftinin qiyməti son 13 ilin maksimumuna çatıb. Ekspertlərin proqnozuna görə, əlavə neft-qaz gəlirləri apreldə 1 trilyon rubla (13.3 milyard ABŞ dolları) çata və ya onu keçə bilər.
visiontv.az