ABŞ-nin “Jamestown” İnstitutunun təhlilinə görə, Nikol Paşinyanın Ermənistan parlament seçkilərində yenidən qələbə qazanması İran üçün Cənubi Qafqazda həm yeni iqtisadi imkanlar, həm də ciddi geosiyasi çağırışlar yaradır.
Təhlildə bildirilir ki, Ermənistanın Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşması Tehran üçün enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər aça bilər. Habelə, Azərbaycanla sülh prosesinin irəliləməsi, Türkiyə ilə münasibətlərin normallaşması, tranzit marşrutlarının yenidən açılması, Culfa–Naxçıvan dəmir yolunun bərpası və "3+3" regional platformasının inkişafı İranın region siyasətinə uyğun dəyərləndirilir.
Bununla yanaşı, təhlildə vurğulanır ki, Paşinyanın siyasi mövqeyinin möhkəmlənməsi Ermənistanın Qərblə əməkdaşlığını daha da genişləndirə bilər. Xüsusilə TRIPP layihəsinin həyata keçirilməsi və ABŞ şirkətlərinin uzunmüddətli iştirak ehtimalı Tehran tərəfindən təhlükəsizlik və geosiyasi baxımdan risk kimi qiymətləndirilə bilər.
Təhlilin yekununda qeyd olunur ki, Paşinyanın yenidən baş nazir seçilməsi İran–Ermənistan iqtisadi əməkdaşlığının genişlənməsi üçün müəyyən imkanlar yaratsa da, İrəvanın Qərblə yaxınlaşması və yeni tranzit layihələrinin irəliləməsi Tehranın Cənubi Qafqaz siyasətində əsas strateji narahatlıq olaraq qalacaq.
visiontv.az