Cəmil Həsənli bu dəfə mənim Facebook səhifəmdə "Böyük Azərbaycan naminə Bağır Seyidzadə" kitabım barədə əvvəlki fikirlərin yenidən təkrar etdi. Cəmil Həsənliyə növbəti cavabım :
Əvvəla mənim kitablarıma müraciət etmənizdə və fikrinizi bildirməkdə heç bir problem yoxdur . Şübhəsiz ki, obyektiv ictimai-siyasi, iqtisadi hallarla yanaşı, həm də fərdi psixologiyaya sığınan subyektiv amillər, adətlər, tərbiyə və şəxsiyyətin xarakteri “tarixi yönəldən” amillərdir. Zaman-zaman tarix və şəxsiyyət məsələsi ilə bağlı müxtəlif fikirlər deyilib. Hər halda, burada qarşılıqlı əlaqə var. Güclü şəxsiyyət zamandan üstün olduğu üçün hadisələrə təsir edə bilir. Nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah olunur. Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks-təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaq. Ona görə tədqiqatlarımda mümkün qədər çalışdım ki,tədqiqat obyektlərim o cümlədən də sizin bu gün tənqid etdiyiniz elə Mir Cəfər Bağırovda Azərbaycanın fikir gündəmində olduğu kimi görünsün. Təbii ki, M.C.Bağırov mələk deyil, siyasi fəaliyyəti boyunca onun da ciddi səhvləri olub. Çünki, artıq bayağı sözlər keçmir. Əsas budur ki, tədqiqatçı təsir altına düşməsin. Amma görünən odur ki, bəzi tədqiqatçılar yeni nə isə üzə çıxartmaq adı ilə, təəssüf ki, yenə sovetdən qalma bayağı iddialarla ictimai fikirdə paslanmış Mikoyan təbliğatının alətlərinə çevrilirlər.Sizin təbirincə desək Bağırov özünə it dedi, nə bilim başqa nələr və sair. Bəli, Bağırov mövzusu və onun xüsusən neqativ təbliğatı sanki son vaxtlar Sizin üçün mühüm məsələyə çevrilib. Başa düşürəm siz tarixçisiz amma bu əsas vermir ki gənc tədqiqatçilar tarixi proseslərə məhz Cəmil Həsənlinin gözü ilə baxmalıdır. Belə ki, o,(Cəmil Həsənli nəzərdə tutulur - A.M.) hələ Qorbaçovun “yenidənqurma” illərində işıq üzü görmüş “Ağ ləkələr” kitabında “əsl kommunist” kimi çıxış edərək M.C.Bağırovu kommunist ideyalarına və kommunist partiyasına xəyanətdə ittiham edirdi. Sonra Elçibəy hakimiyyəti illərində “antikommunist” qiyafəsində onu müsavatçılara qarşı fəaliyyətinə görə ittiham etməyə başladı. Sonrakı illərdə bu ziddiyyətli yanaşma onun qələmə aldığı digər kitablarında da özünü büruzə verməyə başlayır.
Cəmil müəllim sözlerimden inciməyin mən həqiqətən eyni fikirimi burda bir daha təkrar edirəm məndə belə bir qənaət formalaşır ki, Siz artıq Adıgözəl Məmmədovun tədqiqatlarına tarixçinin obyektiv baxışı ilə deyil, siyasi rəqib prizmasından yanaşırsınız.
İkinci cavab :
Siz Biriyanın əvvəl Qazaxıstanda, daha sonra isə Saranskda həbsdə olduğunu qeyd edirsiniz. Yaxşı, axı kitabda söhbət Biriyanın hansı həbsxanada saxlanılmasından və ya hansı etap üzrə göndərilməsindən gedir?
Bu detal mahiyyət etibarilə nəyi dəyişir?
Buna görə mənə cəfəngiyat kimi ağır söz deyirsiz.
Üçüncü cavab:
Cəmil müəllim, açıq deyim: Siz məsələyə açıq-aşkar qərəzli yanaşırsınız. İngilislərin ifadəsi ilə desək, bu yanaşma nə elmi obyektivliyə, nə də intellektual dürüstlüyə uyğundur — bu, açıq bias və prejudicedir. Heç bir ciddi əsas olmadan məni saxtakarlıqda ittiham etməyiniz isə artıq polemika yox, etik həddi aşmaqdır. Vallah, belə olmaz.
İndi gələk Mikoyanın guya Bağırovu “müdafiə etməsi” nağılına. Necə olur ki, buna bu qədər rahat diliniz gəlir? Axı 1954-cü il qurultayında Bağırov məhz antimikoyan mövqeyinə görə hədəfə alınırdı. Fakt budur. Tarix budur.
Azərbaycan Kommunist Partiyasının 1954-cü il fevralın 12-də başlayan qurultayı elə ilk gündən son dərəcə gərgin və qarşıdurmalı şəraitdə keçirdi. Qurultay tribunası dərhal Mir Cəfər Bağırova qarşı siyasi hücum meydanına çevrildi. Azərbaycan KP MK-nın ikinci katibi Vitali Səmədov açıq şəkildə hücuma keçərək Bağırovu ağır ittihamların hədəfinə gətirdi. O, çıxışında Bağırovu belə suçlayırdı:
“Bağırov bizə tapşırırdı ki, orta məktəb dərsliklərində Anastas Mikoyanın adı çəkilməsin, Partiya İnstitutu Stepan Şaumyanın adını daşımasın. O, Serqo Orconikidze barədə isə açıq-aşkar qərəz və kinayə ilə danışırdı.”
Bu ittihamlar təsadüfi deyildi və sonradan Sovet İttifaqı Kommunist Partiyası Rəyasət Heyətinin qapalı iclasında da müzakirə mövzusuna çevrildi. Bu müzakirələrin aparıldığını təsdiqləyən rəsmi sənədlər mövcuddur.
Məhz həmin qapalı müzakirələr zamanı Anastas Mikoyan Mir Cəfər Bağırovun güllələnməsinin dayandırılması məsələsini gündəmə gətirir. Lakin burada söhbət nə humanizmdən, nə də guya Bağırova simpatiyadan gedirdi. Bu addımın arxasında Mikoyanın öz siyasi oyunu dayanırdı: məqsəd Mir Cəfər Bağırovun güllələnməsi prosesində erməni daşnak dairələrinin və məlum xəttin roluna aparan izləri itirmək, məsuliyyəti başqa istiqamətə yönəltmək idi.
Mikoyanın Bağırovu ölüm hökmündən “xilas etməsi” ilə bağlı müraciətin arxasında hansı hiyləgər siyasi oyunun dayandığını mən Ədəbiyyat qəzetində dərc olunan yazımda açıq şəkildə göstərmişəm. Oxuyun. https://edebiyyatqazeti.az/.../13410-mikoyana-yarinmaq...
Oxumadan mühakimə yürütmək alimə yaraşmır. Hocətlik isə ümumiyyətlə, alim üçün ayıbdır.
Sizin əsas “arqumentinizə” — guya Pişəvərinin Məhəmməd Biriyanı öz varisi elan etməsinə gəlincə, burada da eyni primitiv yanaşmanı görürük. Siz deyirsiniz: “yalnız belə baxmaq lazımdır”. Yaxşı, bəs o insan kimdir? O hansı psixoloji durumda, hansı xarici təzyiq və tərəddüdlər altında belə söz deyib? Tarix yalnız kağız parçası deyil, tarixi insan yazır. Bu elementləri görməzdən gəlmək tədqiqat deyil, arxiv katibliyidir.
Mənim kitablarımın dəyəri yalnız saralmış arxiv sənədlərinin mexaniki köçürülməsində deyil. O mətnlərin kontent analizi, siyasi və psixoloji kontekstinin açılmasıdır. Təəssüf ki, bu yanaşma quru, ruhsuz və soyuq tədqiqatlarda yoxdur. Elə buna görə də belə tədqiqatlar canlı tarix yox, donmuş mühakimələr istehsal edir.
Məhəmməd Biriya ruhi sarsıntılar yaşamış, ziddiyyətli, bir çox hallarda atdığı addımların nəticələrini hesablaya bilməyən bir fiqur idi. Elə bunun nəticəsində də ruhi xəstəlikdən müalicə alirdi. Bu faktları görməmək ya savadsızlıqdır, ya da bilərəkdən görməzliyə vurmaqdır. Bunları bilə-bilə Adıgözəl Məmmədovun arqumentlərinə qarşı mövqe tutmağınız başadüşülən deyil . Fikir ayrılığı normaldır. Amma bu ayrılığı saxtakarlıq ittihamına çevirmək artıq riyakarlıqdır.
Unutmayın: biz dünyagörüşü baxımından fərqli cəbhələrdə ola bilərik. Amma mən Sizə həmişə nəzakətlə müraciət etmişəm. Siz isə cavab olaraq elmi polemikanı şəxsi ittiham səviyyəsinə endirmisiniz. Bu, nə elmdir, nə də ziyalılıq.
Tədqiqatçı Adıgözəl Məmmədov
visiontv.az