Niderland niyə yenidən Azərbaycanın qapısını döyür?
Niderland niyə yenidən Azərbaycanın qapısını döyür?
27.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendseni qəbul etməsi Avropanın mərkəzindən Cənubi Qafqaza uzanan yeni siyasi xəttin rəsmi təsdiqidir. Kopenhagendə başlayan söhbət Bakıda davam edirsə, deməli, ortada strateji hesab var. Çünki diplomatiyada detallar önəmlidir. Bu görüşün məhz ötən il Kopenhagendə Prezident Əliyev və Niderlandın sabiq baş naziri arasında aparılmış müzakirələrin davamı kimi təqdim olunması təsadüfi deyil.

Bu o deməkdir ki, Niderland hökumətləri dəyişsə də, Azərbaycan siyasəti dəyişmir. Bu, konyuktur qərar deyil, dövlət strategiyasıdır. Tərəflərin siyasət, diplomatiya, iqtisadiyyat və investisiyada daxil olmaqla dörd istiqamətdə eyni anda irəliləmək istəyi var. Çünki Amsterdam anlayır ki, enerji və tranzit böhranı yaşayan Avropa üçün Bakı artıq alternativ deyil, əsas tərəfdaşdır. Görüşün ən kritik məqamı isə Niderland tərəfinin Cənubi Qafqazda sülh və sabitliyin qurulmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirməsidir. Bunu Niderlanddan eşitmək vacibdir. Çünki Niderland Avropa İttifaqının qurucu üzvüdür, Avropada liberal demokratiyanın, insan haqları ritorikasının mərkəzlərindən biridir. Əgər belə bir paytaxt deyirsə ki, regional sülhün memarı Azərbaycandır, bu, Avropa daxilindəki anti-Azərbaycan narrativinə vurulan ən böyük zərbə olacaq. Yəni Avropa artıq başa düşür ki, Qafqazda sülhü Ermənistan yox, Azərbaycan diktə edir. Və bu sülh olmadan Avropanın özünün təhlükəsizliyi mümkün deyil. Digər tərəfdən Yaxın Şərqdə böhran zamanı Niderland vətəndaşlarının və bu ölkənin Tehrandakı səfirlik əməkdaşlarının məhz Azərbaycan üzərindən təxliyə edilməsi görüşdə xüsusi vurğulanıb. Bu kiçik detal böyük həqiqəti göstərir ki, Azərbaycan artıq təkcə neft ölkəsi deyil, humanitar və logistik qovşaqdır. İranla sərhədi olan, eyni zamanda NATO üzvü Türkiyə ilə müttəfiq, İsrail və Avropa ilə tərəfdaş olan yeganə ölkə Azərbaycandır. Niderland vətəndaşını İrandan çıxarmaq lazım olanda yol Azərbaycandan keçirsə, bu, Bakının etibar əmsalının nə qədər yüksək olduğunu göstərir. Digər tərfdən iqtisadi gündəlik də çox simvolikdir. Niderland dünyanın iki sahəsində bir nömrəlidir. Liman logistikası və kənd təsərrüfatı texnologiyaları. Rotterdam Avropanın qapısıdır, Hollandiya istixanaları dünyanı kənd təsərrüfatı məhsulları ilə doyuzdurur. İndi bu iki sahədə Niderland şirkətlərinin Azərbaycanda fəaliyyəti təsadüfi deyil. Azərbaycan Xəzərdəki limanını Avropanın ən böyük limanının ağlı ilə idarə etmək istəyir. Neftdən sonra Azərbaycanın ikinci gəlir mənbəyi aqrar sektor olacaq. Bunun üçün ən yaxşı tərfdaşı təbii ki, Hollandiyadır. Bu, Azərbaycanın neftdən sonra nə edəcəyik sualına verdiyi praktik cavabdır. Digər ən strateji məqam isə budur ki, Niderland Avropa İttifaqının qurucusudur və Brüsseldə xüsusi çəkisi var. Son illərdə Azərbaycan-Avropa İttifaqı münasibətləri bəzi dairələrin, xüsusən Fransanın basqısı ilə gərginləşmişdi. İndi Niderland kimi rasional, iqtisadi düşünən, Aİ daxilində balansı qoruyan bir dövlətlə müsbət dinamika qurmaq, əslində Brüsselə gedən alternativ körpü qurmaqdır. Amsterdamın dilindən regional sabitlik təkcə Qafqaz üçün yox, Avropa üçün də vacibdir cümləsi səslənirsə, bu o deməkdir ki, Avropa nəhayət anlayır ki, Qərbin enerji təhlükəsizliyi və Orta Dəhliz vasitəsilə qlobal təchizat zənciri Azərbaycansız mümkün deyil. Yəni Bakı artıq Avropa üçün uzaq bir tərəfdaş deyil, Avropanın öz təhlükəsizlik xəritəsinin içindəki əvəzedilməz nöqtədir.Və bu görüş göstərdi ki, bu nöqtəni artıq Haaqa və Amsterdam da rəsmi şəkildə qəbul edir.

Şöhrət El-Dəniz

visiontv.az