1959-cu ildə NASA-da ona demişdilər ki, astronomiya qızlar üçün deyil. Nensi Qreys Roman (Nancy Grace Roman, 1925-2018) bu sözü qulaqardı edərək, göyə baxmağa davam etdi. Əzmi, araşdırma həvəsilə Amerika Kosmik Agentliyinin ilk astronomu, ilk qadın rəhbərlərindən oldu. O, Hubble Kosmik Teleskopunun konqresdən pul qopara bilməsi üçün illərini sərf etdi. Ona görə də astronomlar onu "Hubble-ın anası" adlandırırlar.
2018-ci ildə, 93 yaşında dünyasını dəyişdi.
30 avqust 2026-cı ildə Florida səmasında Falcon Heavy raketi onun adını daşıyan bir teleskopu kosmosa qaldırdı. Kennedy Kosmik Mərkəzindən, məhz onun bir vaxtlar "mənə tərtəmiz bir səhifə verdilər" deyə xatırladığı o boşluğa doğru.
Tarixin bu şəkildə cərəyan etməsi Borxesin sevdiyi o dairəvi zaman anlayışına bənzəyir: qadın kainata baxmağa çalışırdı, kainat ona bir güzgü – adını daşıyan bir göz qaytarır.
1920-lərin sonunda Miçiqanda anasının əlindən tutub ulduzlara baxan bir qızın hekayəsi ilə 2026-cı ildə həmin baxışın bir polad göz halına gəlib kosmosa buraxılması arasında bir əsr var. Amma bu bir əsr insanın kainata baxış bucağını dönməz şəkildə dəyişdirən yüz ildir.
Amma Nensi Qreys Roman Kosmik Teleskopu sadəcə xatirə abidəsi deyil.
O, Hubble-ın davamı yox, onun əks qütbüdür.
İkisinin də güzgüsü eynidir – 2,4 metr diametrində.
Fərq optikada deyil, baxışın həcmindədir.
Hubble dünyaya bir iynə ucu boyda pəncərədən baxırdı: dərin, kəskin, amma dar.
Roman isə eyni kəskinliklə, lakin Hubble-dan 100 dəfə geniş bir sahəni bir kadrda çəkə biləcək.
Rəqəm quru görünə bilər, amma nəticəsi dramatikdir: Hubble bir səma bölgəsini örtmək üçün 432 dəfə istiqamətini dəyişməli olduğu halda, Roman eyni sahəni cəmi iki ekspozisiyada tutur.
Beş illik əsas missiyası ərzində Roman, Hubble-ın otuz ildə gördüyündən 50 dəfə daha çox kosmik sahəni görəcək.
Bu, dahi Borxesin "Elmin Dəqiqliyi Haqqında" hekayəsindəki xəritəçilərin arzusuna – kainatın özü boyda xəritə çəkmək arzusuna bir addım da yaxınlaşmaqdır.
Həyatda ikən Nensi nə vaxtsa "milyard qalaktikadan işıq" toplaya biləcək bir alətin adını daşıyacağını təsəvvür edə bilməzdi. Amma bu gün tək bir ulduzu deyil, böyük kosmik sahəni – milyonlarla qalaktikanı eyni anda görmək, astronomiyanı fərdi kəşflər toplusundan kainatın demoqrafiyasını çıxaran bir sayğaca çevirir.
Bəs bu genişlik nəyə xidmət edir? Roman-ın üç əsas sualı var, və hər biri insan təxəyyülünün son sərhədinə toxunur:
1. Qaranlıq enerjinin təbiəti – kainatın nə üçün getdikcə sürətlə genişləndiyi sualı, indiki üsullardan 10 dəfə daha dəqiq ölçmələrlə araşdırılacaq;
2. Qaranlıq maddə — görünməyən, lakin qalaktikaları bir yerdə saxlayan o sirli kütlə;
3. Ekzoplanetlər.
Teleskopun hardasa yüz minə yaxın yeni planet aşkarlayacağı gözlənilir.
Bəlkə də aralarında Yer kürəsinə bənzər, tənha və soyuq uzaqlıqlarda dolaşan dünyalar da olacaq.
“Bilməyin özü qədər, nə qədər az bildiyimizi anlamaq da vəhşicə heyranedicidir” deyə düşünürəm. Çünki kainatın tanıdığımız maddəsi, bütün ulduzlar, planetlər, biz daxil olmaqla, onun cəmi beş faizini təşkil edir. Qalan 95 faiz qaranlıq enerji və qaranlıq maddədir – hələ də adı olan, lakin üzü olmayan bir sir.
Elmi əməliyyatlara 2027-ci ilin əvvəlində başlayacaq və topladığı bütün məlumatlar emal olunar-olunmaz açıq şəkildə paylaşılacaq. Yəni bir kəşf, tək bir komandanın deyil, bütün bəşəriyyətin “mülkiyyətinə” çevriləcək. “Hubble”, “Webb”, “Euclid” missiyası və yerdəki Vera Rubin Rəsədxanası ilə birlikdə, Roman Teleskopu bir "Böyük Rəsədxanalar" şəbəkəsinin son həlqəsi olacaq: hərəsi fərqli bir dalğa uzunluğundan, fərqli bir genişlikdən kainata baxan gözlər ailəsi.
Bəlkə də bu missiyanın ən poetik tərəfi bir vaxtlar ona "bu sənin işin deyil" deyilən qadının adının daşıyan bu teleskopun görünməz dünyalara səyahətə çıxmasıdır.
Nensi Qreys Roman göyə baxmaqdan vaz keçmədi; indi onun adını daşıyan göz, bizim əvəzimizə, qaranlığın xəritəsini çəkməyə gedir…
İbrahim Nəbioğlu
visiontv.az