Ölkəmizdə gender bərabərliyi proqramı kontekstində qadın sahibkarlığın inkişafı mütəmadi olaraq dəstəklənir.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar sahədə Dövlət proqramının icrası ilə bağlı Şəmkirdə regional müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, bu, həm beynəlxalq təşkilatlarla aparılan işdə, həm də xüsusi layihələrlə həyata keçirilir.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bundan sonra da həyata keçirəcək layihələrdə qadın sahibkarlara xüsusi əhəmiyyət verəcək: “İlkin olaraq işğaldan azad edilmiş rayonlarda qadın sahibkarlığın inkişafı ilə bağlı işlər görülməsi kontekstində prioritet müəyyənləşib. Amma ölkənin digər regionlarında, dövlət proqramı çərçivəsində tədbirlərin həyata keçirməsində həmişə qadın sahibkarlığın önə çəkilməsi, onların iştirakının təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Biz görürük ki, çox vaxt görüşlərdə iştirak edənlərin çoxu kişi sahibkarlardır. Arzu edirik ki, sayın yarısını qadınlar, yarısını kişilər təşkil etsin. Hamının hüquqları bərabər səviyyədə təmin olunsun".
Nazir müavini, həmçinin fermer və sahibkarlarla davamlı dialoqun vacibliyini vurğulayıb. Qeyd edib ki, aqrar sahə ilə bağlı proqramda nəzərə alınmayan məsələlərin gələcək inkişaf sənədlərində əksini tapması üçün onların rəyləri xüsusi əhəmiyyət daşıyır.
visiontv.az