Müharibənin başlanması ilə, yalanlar da baş alıb gedir
22.06.2026

ABŞ və İsrail İranın hərbi və strateji obyektlərini bir neçə ay bombardman etsələr də, nəinki real qələbəyə nail ola, hətta Hörmüz körfəzini aça bilmədilər və məcburi atəşkəsə getdilər. Amma müttəfiqlər İranın məğlub, hərbi sənayesinin və rəhbərliyinin darmadağın olmasından bəhs edir, İran tərəfi isə, bütün bunları təkzib edir, düşmənin böyük itkilərindən, İranın tarixi qələbəsindən xəbər verir. Bəli, müharibənin başlanması ilə, yalanlar da baş alıb gedir...

Deyirlər ən böyük yalanları seçkilərdən əvvəl, müharibə vaxtı və ovdan sonra danışırlar. Amma müharibə vaxtı danışılan yalanlar bütün yalanları üstələyir. Yaxşı yadımdadır, İran – İraq müharibəsi (1980-1988) gedirdi, mən hələ cavandım, siyasətlə maraqlanmırdım. Mərhum atam müəllim adamdı, siyaəsətlə çox maraqlanırdı, müharibə xəbərlərinin birini də buraxmırdı. Hər xəbərdən sonra əlini əlinə vururdu, başını bulayırdı. Deyirdi mat qalmışam, İran tərəfə inansaq İraqda, İraq tərəfə inansaq İranda bir başıpapaqlı qalmayıb, hamısı qırılıb qurtarıb...

Sonralar müharibə yalanları ilə çox rastlaşdım, artıq siyasətlə maraqlanırdım. Məlum ABŞ – İraq müharibəsini (2003) yaxşı xatırlayıram. ABŞ raketləri artıq İraqın bütün hərbi-strateji obyektlərini vurmuşdu, ABŞ - Britaniya əsgərləri artıq Bağdada girmişdi. Amma Səddam Hüseyn deyirdi ki, Allahın köməyi ilə biz şeytanın (ABŞ-ın) qüvvələrini məhv edirik, qalib gəlirik.

Deyirəm çox uzağa getməyək, elə bizim 44 günlük Vətən müharibəsini götürək. Ermənistanın rəsmi dairələri az qala hər gün bir rayonun “qaytarıldığını", türklərin qaçdığını, erməni silahlılarının Gəncəni aldığını, bu gün-sabah Bakıya çatacağını elan edirdi. Erməni alimləri hətta qədim "erməni şəhərləri" – Gəncənin və Bakının qədim adlarını da tapmışdı. Yalan xəbərlər artıq təhlükəli həddə çatmışdı, onların icraçısı - Müdafiə Nazirliyinin mətbuat katibi Arsun Hovanesyan müharibədən sonra dərhal ölkədən qaçdmışdı.

Hazırda Rusiya – Ukrayna müharibəsində də yalan məlumatlar həqiqəti üstələyir. Rəsmi Moskva bəyan edir ki, Rusiya qüvvələri Ukraynanın bütün hərbi-strateji obyektlərinə zərbələr endirir, Luqanskı, Donetski, artıq bütün Donbası “azad” edir, hazırda Xarkov ətrafında döyüşlər gedir, Ukrayna “millətçilər”i sürətlə geri çəkilir, “xüsusi əməliyyat” artıq sona çatmaq üzrədir. Ukraynanın məlumatlarına inansaq, ölkə ərazisində bir rus əsgəri, bir rus uçağı, tankı qalmayıb, hamısı vurulub-qırılıb qurtarıb, qalanlar da qaçır. Nə qədər qəribə olsa da, tərəflər yalandan yorulmur - Rusiya Ukraynanın, Ukrayna isə Rusiyanın itkilərindən dəm vurur.

Sonda yalanlara nöqtə qoyaq, bir az da həqiqətdən danışaq. ABŞ şübhəsiz ki, regionda istədiyini edəcək, İranın bütün hərbi və strateji obyektlərini məhv edəcək. Zira, müasir dünyada güc qanuna baş əymir, qanun gücün tərəfindədir. Bu gün ABŞ-ın əsas rəqibi İran, əsas müttəfiqi İsraildir, Avropa da ABŞ-ı dəstəkləyir. Bəzi ekspertlərin hay-küyünə baxmayaraaq, regionda heç bir humanitar fəlakət baş verməyəcək. Müctəba Xameneyi də əgər hələ ölməyibsə, Səddam Hüseynin və Əli Xameneyinin faciəsindən dərs götürəcək, ABŞ-la danışıqlara gedəcək. Arada qırılan, əzab-əziyyət çəkən İran xalqı - bizim qardaşlarımız olacaq.

Düşünürəm ki, bu müharibə çox çəkməsə, Trampın qələbəsi ilə nəticələnsə, ABŞ Fars körfəzi neftini ələ alacaq, Şərqdə Çinin hegemonluğuna son qoyulacaq. Bu, həm də Rusiyanın sonunun başlanğıcı olacaq. Amma müharibə uzanarsa, ABŞ-ın itkiləri çoxalsa, vəziyyət dəyişəcək...

Qalib ARİF

visiontv.az