Mənim həqiqətlərim: İmam Zamanı gözləyən soydaşımızı, İslam xilafatının qurulacağına inanan türk qardaşımızı anlamaq çətindir
Mənim həqiqətlərim: İmam Zamanı gözləyən soydaşımızı, İslam xilafatının qurulacağına inanan türk qardaşımızı anlamaq çətindir
10.03.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

SEPAH generallarının və mollaların quyruğu qapı arxasında qalan kimi Pezeşkianın prezident olduğu yada düşür və onu verirlər qabağa. Yenə boyun əymək vəzifəsini bu bədbəxtə tapşırıblar.

***

Biz şərqli olsaq da şərqli kimi düşünmürük. Ona görə nə iranlını, nə ərəbi, bəzən heç türkləri də başa düşmürük. Bizim türkçülüyə, dinə, imana baxışımız Türkiyədə, İranda, Ərəb ölkələrində yaşayan dindaşlarımızdan və soydaşlarımızdan çox fərqlidir. İranda İmam Zamanı gözləyən soydaşımızı, Türkiyədə İslam xilafatının yenidən qurulacağına inanan türk qardaşımızı anlamaq çətindir. Bizi birləşdirən yeganə nöqtə eyni kökdən olmağımızdır. Yəni yalnız türkçülük platformasında biz bir-birimizi dərhal başa düşürük, yaxınlıq problemsiz baş verir. Məsələn Türk Dövlətləri Təşkilatında olduğu kimi. Elə ki Yaxın Şərq, din platformasına keçirik dərin ziddiyyət yaranır. Digər arqumentlər də gətirə bilərəm və bu barədə uzun-uzadı yazmaq olar. Bircə onu deyə bilərəm ki, biz olduğumuz kimi qalmalıyıq. Fikir verirsiniz başqası olan kimi bir-birimizlə mübahisə edirik. Sosial və digər problemlərimiz olsa da dövlətimizin milli və dini siyasəti düzgündür və tam dəstəyə layiqdir. Biz sivil və güclü ölkə olmalıyıq. Vətəndaşlarımız da müasir, təhsilli, sosial təminatlı və xoşbəxt olmalıdır.

***

Tehran rejimini açıq sevənlərlə yanaşı guya Güney Azərbaycan uğrunda mübarizə aparan "güneyli fəallar və ekspert"lər də var ki, bütün günü sosial mediada Azərbaycan və Türkiyə dövlətinə qarşı nifrət püşkürürlər. Güneylə Qüzey arasında nifaq salırlar. Bunların əksəriyyəti İranda guya həbs olunan, amma əslində İran kəşfiyyatı tərəfindən Azərbaycana Türkiyəyə, Avropaya qaçqın kimi göndərilən məxluqlardır. Ən təhlükəli də elə bunlardır. Guya bizimlə bir yerdədirlər, amma sapı özümüzdən olan düsmənlərdir. Hüquq mühafizə orqanları bunları da tam nəzərə almalıdır. Əksəriyyəti vətənpərvər cildinə girən xəyanətkarlardır. Bu barədə geniş yazacam.

***

Pezeşkian dediklərini həyata keçirə biləcəkmi? Qonşu ölkələrə hücum dayanacaqmı?

Mən inanmıram. Pezeşkian və onun müvəqqəti qurumu heç nəyə nəzarət etmir. SEPAH hərbi idarəetməni 31 regional komandanlığa bölüb və hər biri avtonom fəaliyyət göstərir. Hər bölgənin komandanlığı istədiyi vaxt istədiyi qərarı verə bilər ki, bunun da əlamətlərini görürük. Azərbaycana hücum olur, Pezeşkian başda olmaqla heç bir hökumət rəsmiləri hadisədən xəbər tutmur. Səbəb SEPAH generallarının heç kimə hesabat verməməsidir.

***

İranda müharibə başlayandan Tehran rejiminə simpatiyası olanlar adamı az qalırdılar döyüb-öldürsünlər. Adi söhbətdə belə təhdid edir, səslərinin gur yerinə salırdılar. İndi yenə tısları yatıb.

Sizə bir fikir deyim. Əslində bu cür adamlar din adı altında manipulyasiya edirlər. Amma ortaya çıxan tablo odur ki, müsəlmançılıq bunları az maraqlandırır. Bunların bağlı oldu mərkəzlər daha çox rejimin kəşfiyyat qurumlardır. Dinə bağlı olsaydılar etirazları, fikirləri, əməlləri də mömin kimi olardı, SEPAH əlamanı kimi yox.

***

Azərbaycanda Güneydən və Qüzeydən olan molla əlaltıları ciddi nəzarətə götürülməlidir. "Milli fəal", "vətənpərvər" kimi ortada dolaşan ən təhlükəli şərəfsiz yığını onlardır. Media, TV bu şərəfsizlərə diqqət etməli efirlərdə qəhrəmana çevrilməməlidirlər. Adi günlər molla rejiminə tost deyən, təbliğatını aparanlar İranla bu cür ekstrimal vəziyyət yaranan kimi efirlərdə "milli qəhrəmana" çevrilir. Əslində isə tənqid adı altında mollaların əməllərini malalamaqla məşğul olurlar. Bu tendensiya Azərbaycan və Türkiyə mediasında çox geniş yayılıb.

***

Şərq məntiqi ilə rejimə deyilən ən dəqiq ifadə nakişi sözüdür. Heç vaxt kişilikləri çatıb nə düşmən kimi düşməncilik etdilər, nə də dost kimi dostluq.

***

Günahsız insanların ölümünə səbəb olanlar sivil bəşəriyyətin üz qarasıdır. Təəsüf ki cəmiyyətlər bu cür şəxsləri özlərinə lider seçir, nəticədə faciə ilə qarşılaşırlar. Dünən ABŞ-İran savaşında ölənlərin statistikasına baxıram. Trampın əmri ilə 5 gündür İranda 2000-dən çox hədəfə 2000 raket, dron və bombalar atılıb. Ölənlərin sayı 600 nəfərdir və onların da çoxu hərbiçidir. Bu rəqəmləri Xameneinin əmri ilə İranda etirazlarda iştirak edən insanlara atəş açılması nəticəsində öldürülənlərin sayı ilə müqayisə etdim. İran rəsmi qurumlarının məlumatına görə 2 gün ərzində aksiyada iştirak edən 6000 yaxın insan qətlə yetirilib. Özünüz müqayisə edin.

P.S. Hardasa oxumuşdum ki, bir şəri yalnız digər böyük bir şər məhv edə bilər. Bu günkü müharibənin əsil tərifi budur.

***

Özünə dindar, mömin deyən bəziləri minlərlə insanın qətlinə səbəb olan qatillərə elə rahatlıqla mələk donu geyindirib cəmiyyətə təqdim edirlər məəttəl qalıram. Təsəvvür edin İran hökuməti, Pezeşkian, hətta rəhmətə gedən Xamenei belə öz müsahibəsində aksiyalarda qətlə yetirilən gəncləri, qocaları, ailələri öldürdüklərini boynuna alır, onlara hətta şəhid deyir, bu ziyalı, alim, jurnalist, iş adamı, siyasətçi maskasında olan onlarla fanat deyir ki, Iranda belə bir şey olmayıb. Hamısı yalandır, təbliğatdır. Dəhşət ordadır bu insanlar "dindar"dısa haqqı var öldurməyə məntiqi ilə düşünür. Fərqinə varmırlar ki, Xamenei, Tramp, Netanyahu və yaxud bir başqası, fərq etməz kim sadə vətəndaşı, günahsız insanları qətlə yetirirsə deməli qatildir, cəlladdır.

P.S. Qarabağda 30 ildə on minlərlə şəhid verdik, ziyalılar, alimlər, sıravi vətəndaşlar həlak oldu, soyqırım törədildi, bu gün Xameneiə və yaxud digər mollalara görə başını yaranların ürəkdən kəndərləndiyini görmədim. Allah bu nadanlardan, fanatlardan dövlətimizi, millətimizi qorusun. Mən ilk dəfədir ki, Azərbaycana görə ciddi narahat oldum. Fikirləşirdim ki, bizdə dini fanatizm xəstəliyinə yoluxanlar savadsız, nadan fərdlərdir. Amma elə deyilmiş.

***

Hitler Almaniyasında əsas güc SS qoşunları və rəhbərliyi idi. Rejimin son günlərinə qədər Avropa və ABŞ SS generalları ilə Almaniyanın taleyini həll etməyə çalışdı. Sonrakı soyuq müharibə illərində də ABŞ bu gücdən istifadə etdi. İranda da SEPAH məhv olmadan, ya da onlarla razılaşmadan bu ölkədə nəticə əldə etmək çox çətin olacaq. Yəni deməyim o ki, Xameneinin ölümü və yerinə gələn heç nə dəyişməyəcək.

Şöhrət El-Dəniz

visiontv.az