Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur
21.09.2026

Bu fikirləri açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. O qeyd edib ki, çoxsaylı maddi-mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər və müharibələr nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənimsənilsə də, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmayıb. Eramızdan əvvəl V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk tayfalarının Vətəni olduğuna heç bir şübhə yeri qoymur.

Keçmişdə  Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən  Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min kvadratkilometr sahəni əhatə edən bu diyar çağdaş dünyada “Ermənistan Respublikası” adı ilə tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk–Oğuz-Qıpçaq yurdu, tarixi  Azərbaycan torpağıdır. Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.

Qərbi  Azərbaycan ərazisindəki tarixi abidələrin müxtəlif tarixi mərhələləri əks etdirdiyini bildirən Əziz Ələkbərli onları üç əsas dövr üzrə qruplaşdırır: ən qədim zamanlardan eramızın IV əsrinə qədər xristianlıqdan əvvəlki dövr, IV əsrin əvvəllərindən VII əsrə qədər xristianlıq dövrü və VII əsrdən başlayan İslam dövrü.

Ə. Ələkbərli vurğulayıb ki, 1441-ci ildə erməni dini kafedrası Sisdən Vağarşabada köçürülüb. Həmin tarixə qədər Cənubi Qafqazda heç bir ciddi dayağı olmayan, bu ərazilərə Yaxın Şərqdən ancaq tacir və mövsümi işçilər kimi gəlib-gedən hay-ermənilər həmin il bu torpaqlarda möhkəmlənmək üçün ilk addımlarını atıblar. Bu, armanların – Armaniya ərazisində yaşayan xristian türklərin islamlaşmasının, demək olar ki, başa çatdığı, xristian məbədlərinin əksəriyyətinin sahibsiz qalıb dağıldığı, bəzi kilsələrdə isə tək-tək erməni keşişlərinin tərki-dünyalığa qapıldığı bir dövrə təsadüf edir. Yerli türk əhali arasında xristianlığın nisbətən daha uzun müddət yaşadığı Qarabağ və Zəngəzur diyarlarında da xristianlıq tənəzzül etməkdə idi. Belə bir həlledici tarixi dövrdə xristian kafedrasının Cənubi Qafqaza köçürülməsi bir tərəfdən bu regionda xristianlığın tamam məhv olmasının qarşısını aldısa, digər tərəfdən minillik tarixə malik türk-xristian mədəniyyətinin yadelli haylar tərəfindən mənimsənilməsinin bünövrəsini qoydu.

Buna görə də XV–XVI əsrlərə qədər Qərbi  Azərbaycan ərazisində mövcud olan maddi-mədəniyyət nümunələrinin bu gün dünya ictimaiyyətinə erməni-hay abidələri kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur, hətta adi məntiqdən belə kənardır.

“Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi  Azərbaycan ərazisindəki tarixi türk-xristian abidələrini öz adlarına çıxması da məhz XIX əsrdə geniş vüsət alıb. Bununla kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırlar.

XX əsrdə, xüsusilə 1905, 1918–1920, 1948–1953, 1987–1991-ci illərdə Qərbi  Azərbaycan türklərinə qarşı həyata keçirilən deportasiya və soyqırımları isə bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salıb”, - deyə alim bildirib.

visiontv.az