Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris Londonla birgə yaxın günlərdə hərbi əməliyyatlar dayandırıldıqdan sonra Hörmüz boğazında müdafiə missiyasında iştirak etməyə hazır olan ölkələrin konfransını təşkil etməyi planlaşdırır.
Visiontv.az "Report" -a istinadənxəbər verir ki, bu barədə o, "X" şəbəkəsində yazıb.
"Hörmüz boğazına gəldikdə, yaxın günlərdə Birləşmiş Krallıqla birlikdə boğazda naviqasiya azadlığının bərpasına yönəlmiş dinc çoxmillətli missiyaya bizimlə birgə öz töhfəsini verməyə hazır olan ölkələrlə konfrans təşkil edəcəyik. Bu, münaqişədə döyüşən tərəflərdən ayrı olan, yalnız müdafiə xarakterli missiyadır və şərait imkan verən kimi yerləşdirilməsi nəzərdə tutulur", - Makron yazıb.
O, həmçinin qeyd edib ki, Fransa Yaxın Şərqdəki münaqişənin nizamlanmasında əsas rol oynamağa hazırdır.
"Yaxın Şərqdəki münaqişənin diplomatik yollarla ən qısa zamanda möhkəm və uzunmüddətli nizamlanmasına nail olmaq üçün bütün səyləri göstərmək lazımdır. Bu cür nizamlama region üçün hər kəsin sülh və təhlükəsizlik şəraitində yaşamasına imkan verən etibarlı əsas olmalıdır", - o bildirib.
Prezidentin sözlərinə görə, İranın nüvə və ballistik proqramları, Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyin tezliklə bərpa edilməsi zərurəti, eləcə də Livanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunmaqla sülh yoluna qaytarılması da daxil olmaqla bütün əsas məsələlər uzunmüddətli yanaşmalar çərçivəsində həll edilməlidir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.
Qeyd edək ki, Tramp ötən gün bildirib ki, ABŞ hərbçiləri bazar ertəsi, aprelin 13-də, ABŞ-nin şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazını bloklamağa başlamağı planlaşdırır.
visiontv.az