Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.
Lavrov Rusiya Baş naziri müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb.
O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".
Qeyd edək ki, Overçuk Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini açıqlayıb.
Lavrov Avropa İttifaqına üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb.
Rusiya XİN başçısı Ermənistanın KTMT-dəki iştirakını dondurmasından da danışıb. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmayıb, sadəcə bu təşkilatın tədbirlərində iştirak etmir.
Lavrov rəsmi İrəvanın bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqələndirib. Vurğulayıb ki, İrəvan o zaman KTMT-nin müttəfiq kimi Ermənistana köməyə gəlmədiyini iddia edib.
Rusiya XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığını, yəni Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsinin məlum olmadığını söyləyib.
Lavrov Ermənistanın KTMT missiyasından imtina etməsini xatırladıb. Bildirib ki, rəsmi İrəvan Avropa İttifaqının missiyasını dəvət edib: "Bizdə olan məlumata görə, həmin müşahidəçilər Ermənistanın deyil, özlərinin maraqları ilə məşğuldurlar".
Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov fikrini yekunlaşdırıb.