Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyin təsdiqlənəcəyi təqdirdə Ermənistana qarşı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsini müzakirə edə bilər.
Bunu KTMT-nin Baş katibi Taalaibek Masadıkov bu gün Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı 25-ci maddənin tətbiqi ilə bağlı qərar layihəsi hazırlayıb.
Masadıkov bunu Ermənistanın üzvlük haqları və son üç ildə təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirib.
Baş katib bildirib ki, məsələ noyabrın 10-da keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müzakirə olunacaq. Yekun qərar üzv dövlətlərin liderlərinin iclasından sonra məlum olacaq.
Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədikdə, onun təşkilat orqanlarında səsvermə hüququ dayandırıla və vətəndaşlarının kvota vəzifələrinə namizədliyini irəli sürmək hüququ məhdudlaşdırıla bilər.
visiontv.az