Köklərimiz - ümid yerimizdir, dərindəki işıqdır
Köklərimiz - ümid yerimizdir, dərindəki işıqdır
19.08.2022 Səlahəddin Xəlilov Tərəfindən

Cəmiyyətdə əskiklərimizi "milliləşdirmək" meyli var və bu sindrom ədəbiyyata da sirayət edir.

Millətin siması yabançılaşmış, mühitin çirkabına bulaşmış çoxluqla deyil, hər şeyə rəğmən insaniliyi, milliliyi, genetik yaddaşı, arxetipi qoruyub saxlayanlarla müəyyən olunmalıdır. 
Çıxış yolu məhz belə təklərin örnəyidir. Ədəbiyyatın da missiyası realizm adı altında "palaza bürünənlərin", "axına qatılanların" təsviri deyil, axına sinə gərənlərin tərənnümü olmalıdır. 
Təəssüf ki, milli təfəkkürümüz qütbləşmələrdən heç cür xilas ola bilmir.
Şişirdilmiş, yaltaqlıq həddində tərif nə qədər ziyanlııdırsa, ifrata varan və əslində həm də nifrətə varan tənqid də o dərəcədə ziyanlıdır.
Ancaq bir rənglə çəkilən mənzərə gerçəyi əks etdirə bilməz. Qabaqcıl xalqlar ağ-qara təsvirlə kifayətlənməyərək bütün rəng qammasını əhatə edən rəngli təsvirə keçməyə çalışırkən, biz hələ heç ağ-qara təsvirə də gəlib çatmamışıq: 
Biz hələ də "ya ağ, ya qara" səvəyyəsindəyik. 
(Amma deyəsən mən də Axundov-Cəlilsayağı yazdım... Əlbəttə, ağ-qara və hətta rəngli təsvirlərimiz də var, amma hələ azlıqdadı...) . Riyazi terminlərlə desək, "ya ağ, ya qara" xətti birölçülü, ağ-qara xətti ikiölçülü düşüncə fəzasına uyğundur. Çoxölçülü düşüncə fəzası - rəngli mənzərə yaradır, yəni ağ və qara arasında olan rənglər də görünür və keçid imkanları və islah qapısı da açılıb göstərilmiş olur.
Məsələn, Caviddə və Cabbarlıda hər üç ölçüdə təsvirlər var. Tam bir dramatizm.
İfrat satira haqqında, Cavid-Mirzəcəlil müqayisəsi və Kefli İskəndər aqibəti haqqında... mənim də yazılarım var.
Bu mövzuda ilk publik çıxışım isə hələ Sovet dövründə, 1987-ci ildə - Axundovun böyük təntənə ilə keçirilən Beynəlxalq yubiley mərasimində olub. O vaxt çıxış edənlərin çoxu Axundovun komediyalarını xarici dillərə çevirib, onu dünyaya tanıtmaqdan bəhs edirdi.  Onda mən Axundovun (eləcə də Sabirin, Mirzə Cəlilin) dünya üçün deyil, özümüz üçün, daxil üçün yazdığını vurğuladım və məqsədimizin onların əsərlərini xarici dillərə çevirib yaymaq olmadığını söylədim.) Və bu mövqe ədəbiyyatçılarımız tərəfindən  böyük etirazla qarşılandı.
... Amma hər kəs mənə qarşı çıxarkən, mənə dəstək verənlər də tapıldı. Həmfikirlər arasında ünlü soydaşımız, London Universitetinin professoru Turxan Gənceyi də var idi. Onun çıxışı və arqumentlərini hələ də xatırlayıram. O da  Axundov komediyalarının daxil üçün yazıldığını və onları tərcümə edib dünyaya yaymağın və başqalarını özümüzə güldürməyin gərəksiz olduğunu vurğuladı. 
... Görünür, mənim fərqli düşüncəmin oluşmasına Xudu Məmmədovun mövqeyi təsir etmişdi. Onun fikrinə görə, sənətin missiyası gözəl olanı, pozitivi təqdim etməkdir. Neqativ isə ancaq fon ola bilər, - müqayisə imkanı üçün. Sadəcə neqativin təqdimi nəinki heç bir fayda vermir, hətta estetik tələbləri də ödəmir.
P.S. - 1:
Çöküş səbəbini milli mentalitetin üzərinə yükləməyi bir cəsarət zənn edənlər, əslində kimin dəyirmanına su tökdüklərinin fərqində deyillər.
Fəlsəfə yoxsulluğu özünü göstərir; yoxsa gənc, istedadlı yazarlarımız milli deqradasiya ilə milli mentaliteti qarışıq salmazdılar.
Şükürlər olsun, hər şeyə rəğmən, köklərimiz sağlamdır.
Üstqurum kök deyil...
Köklər - bizim ümid yerimizdir, dərindəki işıqdır.
Nihilistlər əlini köklərə uzadırlar. Buna yol vermək olmaz... Ədəbi nihilizm cəhalətdən daha təhlükəlidir. Arxalarına düşüb getmək isə - qaranlıq uçurumdan başqa bir perspektiv vəd eləmir.
Qəhrəmanlığı yanlış ünvanda axtarmayaq.
P.S.-2:
Hansı işimiz düz getməsə, millətin üstünə atmaq cəhdləri...
Yaxşı yadımdadır, bir nazir çıxışında deyirdi ki, rüşvətin kökünü ona görə kəsə bilmirik ki, bu bizim milli mentalitetimizdir. 
Belələri təmiz adamları niyə sevmirlər və niyə onları da hər necə olursa olsun ləkələməyə çalışırlar? Çünki təmizin varlığı çirki fərdiləşdirir, onu millətin üzərinə atmağa imkan vermir, "elnən gələn toy-bayramdır" təskinliyini aradan qaldırır.

professor Səlahəddin Xəlil

visiontv.az