Kiyev Pasxada atəşi dayandırmağa hazırdır
01.04.2026

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Rusiyaya bu iki ölkədəki enerji obyektlərinə qarşılıqlı hücumları dayandırmağı təklif edib. Bu təklif İrandakı müharibənin yaratdığı qlobal neft böhranı fonunda səslənib. "Rusiya Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmağa hazırdırsa, biz də onların enerji sektorunu vurmayacağıq", – Zelenski martın 30-da "WhatsApp" qrupunda jurnalistlərə deyib. Son vaxtlar Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu arada neftin bahalanmasının, Vaşinqtonun Yaxın Şərq münaqişəsi fonunda Rusiyaya sanksiyaları yumşaltmasının Moskvanın iqtisadiyyatına stimul verəcəyi, hərbi işğalı daha da körükləyəcəyi sarıdan narahatlıq var.

Zelenski: Kiyev Pasxada atəşi dayandırmağa hazırdır

Zelenski onu da deyib ki, Kiyev Pasxada atəşi dayandırmağa hazırdır, Rusiya da oxşar addım atarsa.

"Pasxa bayramında atəşi dayandırmağa hazırıq. Fikrimcə, normal, həyata hörmət edən adamlar bir neçə günlük deyil, daimi atəşkəs haqda danışırlar. Biz isə, sözsüz ki, istənilən kompromisə hazırıq, bircə ləyaqət və suverenliyimizlə kompromisdən savayı", – Zelenski Yaxın Şərqə səfərindən sonra jurnalistlərin suallarına cavabında deyib.

O, Yaxın Şərq ölkələri ilə "tarixi" razılaşmaların əldə olunduğunu deyib. Zelenskinin sözlərinə görə, Kiyev Fars körfəzi ölkələrinin energetik dəstəyi barədə razılaşma əldə edib, dəniz dronları, Ukrayna təcrübəsi ilə bağlı əməkdaşlıq da müzakirə olunub.

Ukrayna həmçinin Qara dəniz dəhlizinin açılması təcrübəsini bölüşüb. Zelenskinin sözlərinə görə, bu, Hörmüz boğazında təhlükəsizliyin təminatında faydalı ola bilər.

Zelenski Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli görüşünün Vaşinqtonun diqqəti İrana ayırması səbəbindən təxirə salındığını söyləyib. Onun dediyinə görə, Moskva ABŞ-də dialoqdan imtina edib, Türkiyə və İsveçrəni alternativ məkanlar kimi təklif edib.

'Bloomberg': Rusiyanın neft ixracından gəlirləri iki dəfə artıb

Rusiya Ukrayna ilə müharibə başlayandan neftin ixracından daha çox gəlir əldə edir, Yaxın Şərqdəki müharibədən qazanır. "Bloomberg" bunun neftin bahalanması və sanksiyaların zəiflədilməsi ilə bağlı olduğunu yazır.

Son üç həftədə Rusiyanın neft ixracından gündəlik gəlirləri iki dəfə artıb - 135 milyon dollardan 270 milyon dollara qalxıb. Agentlik bunun Yaxın Şərqdəki münaqişə, Hörmüz boğazının bağlanması və sanksiyaların yumşaldılması ilə bağlı olduğunu yazır. Martın 13-də ABŞ martın 12-dək tankerlərə vurulmuş Rusiya xam nefti və neft məhsullarının satışına icazə verib.

"Bloomberg" qeyd edir ki, Hindistanın neftayırma zavodları apreldə çatdırılma üçün Rusiyadan 60 milyon barelə yaxın neft alıb. Onlar dekabrda bəri sanksiyalara görə birbaşa tədarükdən çəkinirdilər.

"S&P Global Commodities at Sea" təhlilçilərinin hesablamasına görə, martda Rusiyadan Hindistana neft tədarükü 27 faiz, sutkada 1.4 milyon barelədək artıb.

ABŞ-nin maliyyə naziri Skot Bessent isə daha öncə bildirmişdi ki, sanksiyaların zəiflədilməsi Moskvanın neft satışından gəlirlərini artırmayacaq, əksinə azaldacaq. Onun dediyinə görə, Rusiyanın əlavə gəliri 2 milyard dolları aşmayacaq, bu isə "Rusiya büdcəsinin dibi deməkdir".

visiontv.az