Hələ də davam edən İran, İzrael və ABŞ müharibəsi bütün dünyada olduğu kimi, bizdə də bir sıra açıq suallar yaratdı.
Çoxluğu düşündürən suallardan biri də, ətrafımızda, dost çevrəmizdə yer alan bir sıra intellektual, əxlaqlı və hörmətli şəxslərin necə oldu ki, İranın orta əsr siyasi-mifik təfəkkürünün və arxaik ideoloji narrativlərinin daşıyıcısına çevrilməsi kimi səslənir.
Çoxluq onlar haqqında primitiv və səthi izahla , “ milli xəyanətkar” , “maliyyə qarşılığında satılmış” kimi arqumentlərlə izah etməyə üstünlük verir.
Mənə görə, məsələ burada göründüyü qədər sadə deyil, əslində söhbət həmin intellektual, əxlaqlı və cəmiyyətdə hörmət qazanmış şəxslərin öz daxilində daşıdığı mənəvi legitimlik ehtiyacından və bu ehtiyacın doğurduğu illüziyadan gedir.
Kənar şəbəkələrin təbliğatçısına çevrilmək hər zaman milli satqınlıqdan doğmur, çox zaman bu, ideoloji boşluqda insanın özünü dərk və özünü təsdiq ehtiyacının, sistemdən məyusluğun və əxlaqi üstünlük illüziyasının kəsişməsində formalaşır.
Ən təhlükəli məqam da budur ki, belə insanlar çox vaxt özlərini kənar təsir agenti kimi yox, vicdanlı, həqiqət daşıyıcısı hesab edir, özlərini elə təqdim edir, cəmiyyətin çox hissəsi də onları elə qəbul edir.
Məhz belə psixoloji və ideoloji özünütəsdiq forması onları ən təhlükəli kənar təsir alətinə çevirir.
Belə şəxslər təbliğat apardıqlarını düşünmədən, əslində kənar şəbəkələrin narrativini mənəvi üstünlük, intellektual dürüstlük və ictimai etibar dili ilə cəmiyyətə ötürürlər.
Beləliklə də , xarici təsir “fanatik çağırış dili” və ya açıq müdaxilə ilə deyil, “doğrunu söyləyən vicdanlı insan” maskası altında legitimləşdirilərək ictimai şüurda sementləşir.
Kənar şəbəkələr üçün ən faydalı fiqurlar savadsız fanatik dindarlar deyil, belə yüksək reputasiyalı, əxlaqi nüfuza malik və cəmiyyət tərəfindən etibarlı qəbul edilən intellektualdır.
Çünki bu şəxslər ideoloji təsiri təzyiq yolu ilə deyil, legitim etimad yolu ilə cəmiyyətə daşıyırlar.
Dövlət üçün ən ciddi struktur risklərdən biri intellektual resursların sadəcə fiziki olaraq ölkədən çıxması , beyin axını deyil.
Zaman keçdikcə ölkə daxilində olanların kənar ideoloji, institusional və şəbəkə təsir sistemlərinin daşıyıcısına çevrilməsidir.
Bu, fiziki “beyin axını” məsələsindən daha təhlükəlidir, çünki , milli strateji təfəkkürün zəifləməsi və aşınmasıdır.
Dövlət özünün savadlı, analitik və konseptual düşünə bilən təbəqəsini sistem daxilində yerləşdirə , motivasiya edə və milli maraqlar ətrafında institusional səfərbər edə bilmədikdə, yaranan boşluq gec-tez xarici dini və intellektual təsir mərkəzləri və paralel şəbəkələr tərəfindən doldurulur.
Nəticədə ölkə yalnız kadr itkisi yaşamır — eyni zamanda, öz strateji düşüncə ehtiyatlarını tükədir.
Milli maraqları şərh etmək qabiliyyətini , gələcəyi daxildən milli düşüncə tərzində dizayn etmək imkanını tədricən itirir.
Bu isə uzunmüddətli perspektivdə sadəcə dövlət institutlarının dayanıqlığını zəiflətmir.
Həm də milli maraqların və siyasi gündəliyin məzmununu daxili suveren iradədən daha çox, kənardan formalaşdırılan diskursların təsiri altına salır.
Bir sözlə , niyə “filankəs Xameyninin orta əsr nağıllarının təbliğatçısıdır” sualının cavabını tək o adamda axtarmaq lazım deyil…
politoloq Yeganə Hacıyeva
visiontv.az