İstanbulda qeyri-adi hadisə yaşanır. Sarıyer rayonunun Uskumruköy məhəlləsində sərbəst gəzən, dişi aslan olduğu ehtimal edilən heyvan təhlükəsizlik kameralarına düşüb.
Hadisə yerinə jandarma, təbiəti mühafizə əməkdaşları və baytarlar cəlb olunub. Termal kameralar vasitəsilə heyvanın yeri müəyyən edilib. Məqsəd onu insanlara və özünə zərər vermədən, sağ ələ keçirməkdir.
Ən maraqlı sual isə budur: Afrika savannalarının yırtıcısı İstanbulda haradan peyda olub?
İlkin ehtimallara görə, aslan şəxsi mülkdən qaçmış ola bilər. Lakin onun sahibi və mənşəyi hələ müəyyənləşdirilməyib.
Aslanlar minilliklər boyu insanlarla təmasda olsalar da, əhliləşdirilmiş heyvanlar deyillər. İnsan yanında böyüdülən aslan belə təbii ovçuluq instinktlərini saxlayır.
Bu hadisə ekzotik heyvanların qanunsuz ticarəti və şəxsi kolleksiyalarda saxlanılması problemini yenidən gündəmə gətirir.
visiontv.az