İranda yeni yeraltı kompleks tikilir
28.11.2026

İsfahan və Nətənz nüvə obyektləri arasında yerləşən Bəhcətabad ərazisində yeni möhkəmləndirilmiş yeraltı kompleksin inşası aparılır. Bu barədə Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.

İnstitutun məlumatına görə, tikinti işlərinə 2025-ci ilin dekabrında başlanılıb. 2026-cı ilin aprelində obyektin şərq tunelində qazıntı işlərinin aparıldığına dair əlamətlər aşkarlanıb. Həmin ilin iyun ayında isə ikinci – qərb tunelinin tikintisinə başlanılıb.

İran artıq kompleksin ətrafında təhlükəsizlik hasarının çəkilməsinə başlayıb. Obyektin təxminən 5 min hektar ərazini əhatə etdiyi ehtimal olunur.

Ekspertlər burada hərbi qurğuların, raket sistemlərinin və ya digər silah növlərinin yerləşdirilə biləcəyini ehtimal edirlər. Obyektin nüvə fəaliyyəti ilə bağlı məqsədlər üçün istifadə olunması ehtimalı da istisna edilmir.

visiontv.az