İsrail İranın Suriyadakı "qırmızı xətt"in dağıdır
10.09.2024

İran rəsmiləri "qırmızı xətt"lərini bizim Zəngəzurda axtarırlar, İsrail isə ötən gün İranın Suriyadakı hərbi bazalarını vurmaqla molla rejiminə başa saldı ki, bax, bu saat biz sizin "qırmızı xətt"inizi dağıdırıq.

“The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı bir sıra İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

İran tərəfi isə İsmayıl Haniyənin öldürülməsinə cavab verə bilmədiyi kimi bu son aviazərbələri də cavablandıra bilməyib.

Bu arada İranın başqa bir "qırmızı xətt"i isə Əfqanıstan istiqamətindən təhlükə ilə üzləşməkdədir. Son vaxtlar Əfqanıstanı idarə edən "Taliban" hakimiyyətinin İrana qarşı sərt davranışı müşahidə olunur. Hazırda İranla "Taliban" arasında sərhəddə ciddi su qıtlığı yaşanır. "Taliban" Helmand çayından İrana su buraxmağı əngəlləyir. Molla rejiminin isə "Taliban"ı hədələməkdən başqa əlindən heçnə gəlmir.

Və belə bir qorxaq rejim indi "kompas"ını itirərək, gəlib öz "qırmızı xətt"ini Azərbaycanla Ermənistan sərhəddində, Zəngəzurda axtarır...

Bəli, mollalar "qırmızı xətt"lərinin yerini səhv salırlar. Onların tarixi-siyasi coğrafiya və geosiyasət məsələləri ilə bağlı mühazirə dinləməyə ciddi ehtiyacları var.

Bəybala Mirzəyev

visiontv.az