İraqda Sadiq Şirazinin tərəfdarları ilə İran rejimi tərəfdarları arasında toqquşma yaşanıb
05.08.2026

İraqda ərbəin ziyarət mərasimləri zamanı Sadiq Şiraziyə yaxın olan qruplarla İran rejimini dəstəkləyən şəxslər arasında qarşıdurma baş verib.

Məlumata görə, İran rejimini dəstəkləyən qrup Sadiq Şiraziyə aid olduğu deyilən mökəbin qarşısına toplaşaraq “Ləbbeyk ya Xamenei” şüarı səsləndirib.

Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb və insidentə İraq polisi müdaxilə edib.

Sadiq Şirazi hesab edir ki, şiələrin əsas şüarı yalnız “Ləbbeyk ya Hüseyn” olmalıdır. Onun mövqeyinə görə, “Ləbbeyk ya Xamenei” kimi siyasi şüarlar İmam Hüseynlə bağlı səslənən şüarlarla eyniləşdirilə bilməz və bu cür ifadələr şiə etiqadının dini məzmununu siyasi məqsədlərlə qarışdırır.

O və ona yaxın din xadimləri İranın “vilayət-i fəqih” modelini və onun dini legitimlik iddiasını qəbul etmirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, polis iğtişaşın qarşısını almaq üçün elektroşok cihazlarından və dəyənəklərdən istifadə edib.

Bəzi sosial media hesablarında toqquşmalar nəticəsində 100-dən çox şəxsin xəstəxanaya aparıldığı və hadisədən sonra bəzi iraqlıların iranlı zəvvarların ölkəyə girişinə qarşı çağırışlar etdiyi bildirilir.

Sadiq İsabəyli

visiontv.az