İranın “qırmızı xətt”i, Turanın şah damarı
İranın “qırmızı xətt”i, Turanın şah damarı
09.09.2024 Bəybala Mirzəyev Tərəfindən

Zəngəzur dəhlizi ermənilər üçün adiləşib, farsların isə yuxularını ərşə çəkməyə davam edir. Bu saat “Zəngəzur dəhlizi” sözü İranın fars-molla rejimi üçün ABŞ-ın və İsrailin adından daha qorxunc səslənir.

“Zəngəzur dəhlizi” ifadəsindən ən çox səksəkə keçirən, qorxan şəxslərin sırasında isə İranın ali dini rəhbəri ayətullah Xamenei və bu ölkənin Ermənistandakı səfiri Mehdi Sobhaninin adları lap başda gəlir. Bu iki şəxs hər fürsətdə Zəngəzur dəhlizindən danışır və məntiqsizliyin dibinə vararaq Zəngəzur dəhlizini, Ermənistanın ərazi bütövlüyünü İran üçün “qırmızı xətt” adlandırırlar.

Mehdi Sobhaninin təkrarçılığa yol verərək ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ötən gün növbəti dəfə ifadə etməsi də az öncə haqqında bəhs etdiyim qorxudan, narahatçılıqdan irəli gəlir.

Səfir İranın Ermənistanın ərazi bütövlüyü, milli suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqləyib və əminliklə vurğulayıb ki, Zəngəzur dəhlizi açıla bilməz: “İran əmin edir ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz”.

M.Sobhani bir daha bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı bu cür sərt mövqe sərgiləməsinin səbəbləri məlumdur. Molla rejimi bu dəhlizin gerçəkləşməsini əngəlləməklə həm Ermənistanın deyil, İranın tranzit roluna sahiblənməsinə çalışır (“Araz dəhlizi”, “Şimal-Cənub” dəhlizi), həm Türk dünyasının birləşməsini əngəlləməyi düşünür, həm də Azərbaycanın regionun aparıcı gücə çevrilməsinin qarşısını almaq istəyir.

Güclü Azərbaycan molla rejiminin qorxulu röyasıdır. 40 milyon Güney azərbaycanlının güclü Azərbaycana rəğbət duyması İranın təhlükəsizliyi üçün əsas təhdid mənbəyi kimi mollaları ciddi şəkildə narahat edir.

Zəngəzur dəhlizinin mollalar üçün ölüm-dirim məsələsinə çevrilməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ona görə də rəsmi Tehran Ermənistandan dördəlli yapışıb. Yəni ki, İranın Ermənistanın ərazi bütövlüyü, milli suverenliyi və müstəqilliyini belə canfəşanlıqla dəstəkləməsi və sözügedən dəhlizin açılmasının əleyhinə çıxış etməsi mollaların Ermənistanın mənafeyini düşünməsindən yox, öz maraqlarından irəli gəlir. Ermənistanda isə bu həqiqəti başa düşənlər isə yox dərəcəsindədir.

Ermənistanı idarə edənlər İranın Zəngəzur dəhlizinin açılmasına bu cür xüsusi inadkarlıqla mane olmağa çalışmasının ilk növbədə Ermənistanın maraqlarına zərbə vurduğunu hələ ki görə bilmirlər. Ancaq tezliklə bunu da dərk edəcəklər. O zaman İran meydanda tək qalacaq, Zəngəzur dəhlizi isə İranın “qırmızı xətt”indən Turanın şah damarına çevriləcək.

Bəybala Mirzəyev

visiontv.az