İranın İsrail üçün indiki əsas təhdidi ballistik raketlərdir
08.02.2026

Xüsusi bir hesabatda bildirilir ki, İsrailin təhlükəsizlik hesablamalarında diqqət İranın nüvə proqramı və onun vasitəçi qüvvələrindən daha təcili hesab edilən ballistik raket təhlükəsinə yönəlib.

"Jerusalem Post" qəzetinin yazdığına görə, İsrail və ABŞ-ın İranın nüvə proqramına ağır zərbələr endirməsindən sonra bu proqramın məhdudlaşdırılması hələ də önəmli sayılsa da, hazırkı mərhələdə əsas prioritet deyil.

Hesabatda qeyd olunur ki, İran Tramp administrasiyasına uranın uzunmüddətli zənginləşdirilməsinin dayandırılması və ya zənginləşdirmənin ölkə xaricində aparılması kimi təkliflər irəli sürə bilər ki, bu da müsbət addım kimi dəyərləndirilir.

Bununla belə, əsas və təcili təhlükə İranın ballistik raket potensialıdır; bu raketlər birbaşa İsrail şəhərlərini hədəfə ala bilər.

Bu çərçivədə İsrail Baş Qərargah rəisi Vaşinqtonda ABŞ-ın hərbi rəsmiləri ilə görüşdə xəbərdarlıq edib ki, Tehran müharibəni seçərsə, İsrail “gözlənilməz hədəfləri” vurmağa hazırdır.

visiontv.az