İranda türk adlarına qadağa: Pezeşkian araşdırılmasına göstəriş verdi
12.08.2025

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları "Balamın adı" kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra M.Pezeşkian məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Bu haqda "Balamın adı" kampaniyası məlumat yayıb.

Prezident 15.761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də  göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.

Bir müddət əvvəl İranda Azərbaycan, türk adları qoyulan uşaqlara Vətəndaşlığın Qeydiyyatı İdarəsinin sənəd verməməsi ilə bağlı "Balamın adı" adı altında kampaniya başladılıb, Prezident Məsud Pezeşkiana, daxili işlər naziri və parlament sədrinə açıq məktub yazılıb.

Təşkilatçıların sözlərinə görə, valideynlərin övladlarına ad seçmək hüququnun təmin edilməsi ilə bağlı İranın “Vətəndaşlıq Qeydiyyatı Haqqında” qanununun 20-ci maddəsinə dəyişiklik edilməsi tələb edilir.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

visiontv.az