İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Ameli məkirli şəkildə Zəngəzur dəhlizi layihəsini tənqid edərək, İranın bu marşrut vasitəsilə Avropaya gedən yolunun bağlanmasına imkan verməyəcəyini bildirib.
O, çıxışında Ermənistanın dəhlizin təhlükəsizliyini ABŞ-yə həvalə etməsini tənqid edib və ABŞ prezidenti Donald Trampın adının layihə ilə əlaqələndirilməsinə diqqət çəkib.
Hökumət mollası bu razılaşmanın İranın Avropaya çıxışına mane ola biləcəyini, həmçinin ABŞ və NATO-nun Mərkəzi Asiyada və İranın şimal sərhədləri yaxınlığında mövqelərini gücləndirməsinə şərait yaradacağını iddia edib. O, Ermənistan hakimiyyətini xarici qüvvələrə təhlükəsizlik sahəsində geniş imkanlar verməkdə günahlandırıb və Tehranın buna razı olmayacağını vurğulayıb.
Çıxışının davamında Azərbaycan və Ermənistan xalqlarına müraciət edən molla İranın qonşuları üçün problem yaratmaq istəmədiyini bildirib.
O, İran ərazisində inşa edilən Araz magistral yolunun Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqəni asanlaşdırmaq məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qonşuluq münasibətlərinə hörmət etməli və ABŞ ilə razılaşmanın bölgədəki nəticələrini nəzərə almalıdır.
Ərdəbilin cümə imamı, eləcə də Ermənistanla Azərbaycan arasında sülh məsələsinə toxunaraq, Bakı və İrəvan arasında razılaşmanın əldə olunması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini bildirib.
visiontv.az