Bəzi erməni ekspertləri COP29-un baş tutmasını Ermənistan və onun havadarları üçün ağır məğlubiyyət kimi qiymətləndirirlər.
Bəzi ermənilər isə Fransa, İran, Hindistan kimi ənənəvi ermənipərəst ölkələrin liderlərinin COP29-a gəlməmələri ilə özlərinə təsəlli verməyə çalışırlar.
Bu arada İran və Fransa Azərbaycana qarşı sinxron hərəkət edirlər. Mollaların vaxtilə məhz Parisdən hakimiyyətə gəlmələrini nəzərə alsaq, bu gün Tehranın Parislə iş birliyinə, onların birgə anti-Azərbaycan fəaliyyətlərinə əsla təəccüblənməməliyik.
Molla rejimi Azərbaycan və Türkiyənin Türk dünyasının güclənməsi ilə bağlı planlarına qarşı bir sıra əks planlar cızır. Makron Fransası isə Yeni Kaledoniyanın və digər Dənizaşırı ərazilərin, ada dövlətlərinin Fransanın yeni müstəmləkəçilik (neokolonializm) siyasətinə qarşı mübarizəsini dəstəkləyən Azərbaycandan qisas almaq hissilə vurnuxur.
Və hər iki halda ermənilər fransızlar və farslar üçün alət, vasitə, dəyənək rolunu oynayır.
Emmanuel Makronun hakimiyyətdə olduğu son 7 ildə Fransa Azərbaycandan aldığı ağır zərbələr qədər heç bir ölkədən zərbə almayıb. Bu isə Fransa liderini rəsmən dəli edir.
Xamenei rejimi isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini və Turan birliyinə yol açan Zəngəzur dəhlizi hədəfini heç cürə həzm edə bilmir.
Beləliklə, Azərbaycan ənənəvi türk düşmənlərinin (Fransa və İran) planlarını pozduğuna görə hədəfdədir.
Bəybala Mirzəyev
visiontv.az